FƏDAKAR MAARİFPƏRVƏR QADIN – ŞƏFİQƏ XANIM ƏFƏNDİZADƏ

FƏDAKAR MAARİFPƏRVƏR QADIN – ŞƏFİQƏ XANIM ƏFƏNDİZADƏ

6
Paylaş
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda qadın təhsili uğrunda mübarizənin geniş yayılmasında, qadın məktəblərinin yaradılmasında, burada təlim-tərbiyə işlərinin təşkilində mütərəqqi qadın pedaqoqlar – Hənifə xanım Məlikova, onun qızı Qəribsoltan xanım, Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağazadə, Ədilə xanım Şahtaxtinskaya, Səkinə xanım Axundzadə, Rəhilə xanım Hacıbababəyova, Nabat xanım Nərimanova, Gövhər xanım Qazıyeva və digərlərinin böyük xidmətləri olub. Çar mütləqiyyəti və mühafizəkar qaragüruhçu qüvvələr tərəfindən onlara qarşı edilən şiddətli təzyiqlərə baxmayaraq, həmin maarifçi qadınlar azərbaycanlı qadınların savadlanması uğrunda fədakarcasına çalışıb, bacarıq və istedadlarını əsirgəməyərək pedaqoji fəaliyyətlərini davam etdiriblər. XX əsrdə Azərbaycan qadınları arasında təhsil, maarif və mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış maarifpərvər qadınlardan biri də Şəfiqə xanım Əfəndizadədir.
Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanda ziyalı ailəsində doğulub. Bu ailə, xüsusilə atası Məmmədəmin Şeyxzadə mətbuata marağı olan bir ziyalı kimi qəzetləri alır və övladlarını da qəzet dünyasına həvəsi olan insanlar kimi tərbiyə edir. Şəfiqə xanım ailədə və sonralar məktəbdə ciddi mütaliə yolu ilə bir neçə dil öyrənib, savadlı qız kimi tanınıb. Təsadüfi deyildi ki, Bakıda H.Tağıyevin və N.Nərimanovun böyük milli qeyrətlə açdıqları ilk qız məktəbinə dəvət olunmuş Şəfiqə xanım bu məktəbdə müdir işləyən Hənifə xanım Məlikova kimi böyük ziyalı qadının yanında dərs deyib. O, dərs dediyi qızlar məktəbində Azərbaycanın elə publisistləri ilə tanış olur ki, solda ömrünü mətbuatla bağlayır. Şəfiqə xanımın “Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi jurnallara gəlişi və həmin orqanlarla əməkdaşlığı da onun həyatında müstəsna rol oynayıb.
Şəfiqə xanım Əfəndizadənin mətbu çıxışları Məhəmməd ağa Şahtaxtlının baş redaktoru olduğu, 1903-cü ildə fəaliyyətə başlayan dövrün populyar qəzeti “Şərqi-Rus”dan başlayır. Sonralar isə yuxarıda sadaladıqlarımızdan əlavə “Füqəra füyuzatı”, “Dirilik” jurnalları və “Açıq söz” qəzeti ilə də əməkdaşlıq edərək təlim-tərbiyə, cəmiyyətdə qadınların mövqeyi mövzusuna həsr edilmiş məqalələrini çap etdirib.
Ş.Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan “İşıq” qəzeti ilə bağlıdır. XX əsrin ilk on illiyində Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu var. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzudur. Onun publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və digər məsələlərdən bəhs olunur. Publisistika ilə yanaşı, Şəfiqə xanım bədii ədəbiyyata da meyl göstərir. 1914-cü ildə xanım publisistin “İki yetim, yaxud Kərimin hümməti” adlı bədii kitabı nəşr olunur.
Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilk dəfə 1916-cı ildə Tağıyev teatrında tamaşaya qoyulur və böyük marağa səbəb olur. Tamaşaların birində Şəfiqə xanım salonda bir qadının ağladığını görərək ona yaxınlaşır. Nə üçün ağladığını soruşanda, qadın “Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır”, – deyə həyəcanla cavab verir. “Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır”, – deyə Şəfiqə xanım onu sakitləşdirir. Hadisədən bərk təsirlənən Şəfiqə xanım “Açıq söz” qəzetində “Ölülər” pyesinin teatr həlli haqqında resenziya və reportaj yazır.
Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi Aygün Əzimova araşdırmalarında Ş.Əfəndizadənin “Dirilik”, “Açıq söz”, “Azərbaycan”dakı fəaliyyətini jurnalist yaradıcılığının yeni – ən yüksək mərhələsi adlandırıb. A.Əzimovanın qeydlərinə görə, “Qadınlıq ləyaqəti”, “Qadınlarda dirilik və nöqsanat”, “Mövqeyimiz və ehtiyacımız”, “Qadın seçkisi”, “Seçki və qadınlar”, “Təşkilatın qadınlara təsiri”, “Milli bayram və qadınlarımız” başlıqlı məqalələrində əxlaqi-mənəvi tərbiyə, qadınların cəmiyyətin ictimai-siyasi proseslərində, habelə seçkilərdə iştirakının əhəmiyyəti, millətin inkişafında rolu, qadın hüquqlarının qorunması məsələləri öz əksini tapır.
Vətənpərvər xanım yurdunun düçar olduğu ağır günlərdə hər bir qadının üzərinə böyük bir vəzifə düşdüyünü, vətənə sadiq, çevik, cəsur, igidlər yetişdirmək lazım gəldiyini göstərir. Onun vətən haqqında, millət haqqında yazdığı məqalələr bu gün də aktuallığını qoruyub saxlayır.
Vətənin ağrılı vaxtlarında qadınların fədakarlıq göstərməsi, kişilərlə bərabər vətənin dərdinə əlac tapmaqda köməklik etməsini qadınların başlıca vəzifəsi hesab edən Ş.Əfəndizadə yazır: “Ərkəklərimiz vətənin səadət və səlaməti üçün əllərindən gələn səy və qeyrətdən geri durmuyorlar, ancaq biz qadınlar, bu fəlakətin səbəbi kəndimiz olduğumuz halda heç düşünmək də istəmiyoruz. Bu bizim xətamız, bizim günahımızdır”.
“Zərərin yarısından qayıtmaq da xeyirdir” deyən Şəfiqə xanım vətənin qeydinə qalmaq üçün uşaqları milli ruhda, milli ovqatda bəsləmək, onların beşiyi başında oxunan laylalarda qulaqlarına vətən şərqisini eşitdirmək, ürəklərinə vətən məhəbbətini, millət hissiyyatını doldurmaq lazım olduğunu hər bir qadının müqəddəs vəzifəsi olduğunu göstərir: “Halbuki millətimizə yanşıyan şanlı əsgərlər bizim ağuşumuzdan doğmalıdır. Əsgərlərimizi müharibəyə biz təşviq etməliyiz. Kəndimiz çalışmalı, onlara nümunə olmalıyız”.
Sanki Şəfiqə xanım bu sözlərlə bir əsr keçməsinə baxmayaraq bu gün hər bir Azərbaycan qadınının qarşısına müqəddəs bir vəzifə qoyur: “Vətənə layiqli övlad yetişdirmək!”
“İslamların, türklərin” adlı məqaləsində qadınların kişilərlə müqayisədə geridə qalmasını qəbul etməyən Ş.Əfəndizadə millətin əsaslı bir mədəniyyət əldə etməsində hər iki tərəfin böyük rol oynadığını qeyd edir.
Şəfiqə xanım Əfəndizadə haqqında önəmli araşdırmaların müəllifi olan Bakı Dövlət Universitetinin “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının dosenti Qərənfil Dünyaminqızı maarifçi xanım haqqında bir sıra faktları elmi dövriyyəyə gətirib. Xüsusilə, Q.Dünyaminqızının araşdırmasında qələmə aldığı hadisə diqqət çəkir: “1906-cı il. Avqustun isti yay günlərində birində ilk dəfə Bakıda Qafqaz Müsəlman Müəllimlərinin I Qurultayı başladı. İlk dəfə məhz bu qurultayda müsəlman qadını kişilərlə bir yerdə üzüaçıq oturdu. Bu qadın, gənc müəllimə Şəfiqə xanım Əfəndizadə idi. Çoxları buna etiraz etsə də, bir nəticə alınmadı. Amma ən böyük etiraz 1917-ci ilin aprelində Bakıda “İsmailiyyə” binasında keçirilən Zaqafqaziya müsəlmanlarının qurultayında oldu. Hətta bu zaman Şəfiqə xanım müsəlman qadının azadlığı üçün həyatını ən böyük təhlükəyə atdı:
“Salonda kişilərin arasında səliqəli geyinmiş Tiflis müəllimlərinin nümayəndəsi Sara xanım Talışinskaya, Azərbaycan müəllimlərinin nümayəndəsi Şəfiqə xanım Əfəndizadə, hörmətli yazıçımız Nəcəf bəy Vəzirovun qızı Sara xanım Vəzirova da əyləşmişdi. Sədr çıxış etmək üçün qadınlardan ilk olaraq Şəfiqə xanımı kürsüyə dəvət etdi.
Salonda əyləşənlər arasında alçaqboy, ağ kəlağayı örtmüş bir qadın kürsüyə qalxdı. Qadının yanaqları qıpqırmızı idi. Hiss olunurdu ki, bütün vücudu əsir. O, asta-asta xitabət kürsüsünə yaxınlaşdı və qəribədir ki, sakit bir tərzdə çıxışına başladı. Elə bu zaman salonda ara elə qarışdı ki, kimin kimlə savaşdığı məlum olmadı. Qışqırıq səsləri, hədələr, təhqirlər salonu başına götürdü. Bu zaman bir neçə ziyalının köməyi ilə bu üç qadını salonun dal qapısından çıxarıb çox böyük çətinliklə sağ-salamat oradan uzaqlaşdırdılar”.
Qara-qışqırıq edənlər, onu ölümlə hədələyənlər yanılmışdılar. Çünki Şəfiqə xanımı əqidəsindən, amalından döndərmək mümkün deyildi. Əksinə, o, bu məsələnin həlli üçün mətbuata daha sıx bağlandı. Bu publisist xanım “Məktəb”, “Dəbistan”, “Rəhbər”, “Dirilik” , “Qurtuluş” jurnallarında, “İqbal”, “Açıq söz”, “Azərbaycan”, “İstiqlal, qəzetlərində bu məsələni daha kəskin qoydu və müsəlman qadınını öz azadlığı uğrunda mübarizəyə qalxması üçün təhsilə yönəldi. Görkəmli mətbuatşünas-alim Qulam Məmmədli “Sizə kim lazımdır” biblioqrafik məlumat kitabında onun publisistik məqalələrin “Sədayi-həqq”, “Bəsirət”, “Sovqat”, “İttihad” qəzetlərində də çap olunduğunu qeyd edir”.
Şəfiqə xanım Əfəndizadə Azərbaycanın sovetlər dönəmində 1923-cü ildə fəaliyyət göstərməyə başlayan “Şərq qadını” jurnalı ilə fəal əməkdaşlıq etməyə başlayıb. Redaksiya heyətinin üzvü seçilən bu ziyalı xanım jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
“Şərq qadını” jurnalının 1924-cü il tarixli ilk sayında belə ifadə yazılıb: “Şəfiqə xanım Əfəndizadə bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur”. Ş.Əfəndizadənin məişət mövzusunda yazdığı məqalə və hekayələri də bu gün aktualdır. Məsələn, 1925-ci ildə “Şərq qadını” jurnalında çap olunan “Evlənmək adlı” hekayədə yeganə övladları olan Əhmədi evləndirmək üçün Məşədi Kərimlə arvadı Bahar xanım “camaat arasında biabır” olmamaq üçün var-yoxdan çıxırlar. “Ağ-qırmızı kofta”, “İki sima”, “Rəna”, “Seçki və qadınlar”, “Qadın məsələsi” kimi hekayə və məqalələrində toxunulan problem bütövlüklə bu günümüz üçün də aktualdır.
“Qadınlar hər hüquqdan məhrum qalırlarsa, o millət irəli gedə bilməz”
“Təşkilatın qadınlara təsiri” məqaləsində Şəfiqə xanım millətini yaşadan, qəlbini qürur hissi ilə dolduran yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini alqışlayır, müsəlman-türk qadınlarının da təşkilatlanmasını arzulayır.
İstiqlal, cümhuriyyət fədaisi Şəfiqə xanım Əfəndizadənin məqalələrində AXC mövzusu aparıcı rol oynayırdı. “Azərbaycan” qəzetinin 5 iyun 1919-cu il tarixli 196-cı sayında dərc etdirdiyi “Milli bayram və qadınlarımız” adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması, Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından yazır: “Mayın 28-də Azərbaycan istiqlalı sənaye-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs şən, hər kəs məğrur idi”.
İstiqlal aşiqi, vətən fədaisi Ş.Əfəndizadə, publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşıb, vətənpərvər şəxsiyyət kimi problemlərə, xalqın üzləşdiyi çətinliklərə münasibət bildirib. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə “Analar! Qızlarınızı oxudun!” deyə ilk dəfə qadınlara müraciət edib.
Susaraq yaşayan, sovetlərin 1937-ci il kimi dəhşətli bir faciəsindən qurtulan və hər gecə qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan Şəfiqə xanım 29 iyul 1959-cu ildə haqq dünyasına qovuşub. Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.
Aysel Aslan
Paylaş