Dalğalanar Türk dənizi yenidən – Sabir RÜSTƏMXANLI

Dalğalanar Türk dənizi yenidən – Sabir RÜSTƏMXANLI

33
Paylaş

YENİDƏN
Şair qardaş, nə ağlayıb-sızlarsan?
Ucalacaq haqqın səsi yenidən.
Qayıdacaq köpüklənən sel kimi
Bu dağların yaz həvəsi yenidən..

Quru çöllər min rəng alar güllərdən,
İtən dünyam dastan olar dillərdə
İgidləri qaytarar yad ellərdən,
Anaların zümzüməsi yenidən.

Tarixlərə hökm eləyən bir ərklə,
Ölümlərə göz qırpmayan ürəklə,
Savalanda al bayraqlı Babəklə
Koroğlunun min dəlisi yenidən…

Tanrı eşqi ulduzlardan dərilib,
Sazın simi el yoludur, gərilib,
Qılncla bir mizrab sənə verilib,
Cəngə səslər Cəngi bizi yenidən!

Qopar ruhu bu paslanmış qəfəsdən
Dolar sinəm bir ilahi nəfəslə,
Günçıxandan Günbatana həvəslə,
Dalğalanar Türk dənizi yenidən.
2017

***

SONSUZLUQ
Ayrıcı hardan keçir işıq ilə zülmətin,
Ağ qaradan doğulur, qara enir ağ üstə.
Ocaq külün altında qoruyur nəfəsini,
Kül ölüm kəfənini biçsə də ocaq üstə…

Ceviz qarga ağzından düşəndə ağac olur,
Ayaqdan qalxan çiçək başımızda tac olur,
Kökündən qopmayana gövdəsi əlac olur,
Neçə pöhrə çalışır boy atıb qalxmaq üstə.

Toxumu qabıq saxlar torpaqla savaşında,
Sonra cücərib qalxar köhnə qabıq başında,
Qar torpağın yorğanı, qayğısı var qışın da
Tağ meyvədən göyərir, meyvə bitir tağ üstə.

Biçin əkindən doğur, əkin başlar biçindən,
Heç varlıqın kölgəsi, varlıq yatır heçində,
Günəş atoma bənzər, atom Günəş gücündə
İnsan da dağa dönür, dağ qoyanda dağ üstə…

Kədər sevinc cildində, sevinc bəslər ahını,
Qılınc qınını kəsməz, qın saxlar silahını,
Allahın yaşatdığı yaşadar Allahını
Ölmək üçün dirilir, ölür yaşamaq üstə…
17.07.2017

***

Elə gözəl qar yağır
Elə gözəl qar yagır qış da yadımdan çıxır,
Bu bəyaz burulğanda yaş da yadımdan çıxır…
Ələnir lopa-lopa, iri, yorğanparası,
Göydən milyon göz yağır,- görünməzdir qarası.
Ağappaq paraşütlər-Tanrının desantları,
Çapır göydən yerəcən buludun ağ atları.
Qonmağa yer axtarır körpəcə Qu quşları,
Toxunur ağ xalıya ulduzlu naxışları.
Milyon əriş çəkilir göy üzündən yerəcən,
Bu bəyaz parçasını hamıyla bölənəcən.
Yüz qayçı itilənsin bu ağ ipləri kəsməz,
Əlim ağ vərəqləri çevirməyə tələsməz…
İşləyir gecə-gündüz səssiz qar dəyirmanı,
Soyuq yorğan altında isinir yerin canı.
Bu ilahi təmizlik xatırladır nələri?
Anamın gözlərində yuva qurmuş kədəri.
Əridib üfüqləri alovlu nəfəsiylə
Ağ çiçəkli bağlardan boy göstərən səhəri.
Ağ simlərdə çalınır ən qəmli mahnılarım.
Qədərlə barışığım, kül olmuş arzularım.
Niyə donub qalmışam, nəyə qarışıb başım,
Qoy gedib səs-səmirsiz bu ağlığa qarışım…

***

 

Paylaş