yurd boyu ətəyi Bəy düzü olan- Əli Hacı

yurd boyu ətəyi Bəy düzü olan- Əli Hacı

37
Paylaş

Dəyərli qardaşım, gözəl yazarımız Vahid Məmmədliyə

götür damarımdan qan köçür, həkim
köçür bu torpağın yurd damarına.
ölüsün ərəbcə,dirisin rusca
dilində oxşayan yad damarına !

yoxdu ana dili,yox ana vətən
dilim də atamın,yurdda atamın.
min ildi yol gəlir Oğuz dastanım
dili türk dilidi-Qorqud atamın !

bir vaxt torpağımda at oynadanlar
əridi içimdə,dönüb biz oldu.
ayaq basdığımız torpaq-yurdumuz,
qılıncdan kəsərli dilimiz oldu .

yurd boyu ətəyi Bəy düzü olan
göylə salamlaşanTanrı dağı var !
götürün sərhəddi,səddi dilimdən
bizi özümüzdən ayırmağı var !

O Ağrı dağımı ağrını verən?!
durur Araz boyda-ağrılı yerim !
Göyçədi,Dərbəntdi,Ulu Borçalı
bədəni ruhundan aralı yerim !

Allahı bəndədən ayıran yoldu-
Babəkin bədəndən kəsilən qolu.
İncildi,Zəburdu,Quran yoludu
Mənsurun haqq adli kəsilən yolu !

Çaldıran düzündə yaralı tarıx…
bir Sultan,bir Şahım hələ can verir.
Hələbdə,Kərkükdə Nəsim adında,
Millətim adına yaram qan verir !

qoy deyim,incimə canım Qarabağ
ərisin içində şahid daşında…
bilmirdin Qacarın başın kəsməyin
bir gün çatlayacaq sənin başında !

açdım pərdəsini sənədli filmin
görk olsun bizlərə,buyurub baxın.
Tanrının,Allahın günahı varsa
dini İmanımdan ayırıb baxın !

götür damarımdan qan köçür,həkim
köçür bu torpağın yurd damarına.
ölüsün ərəbcə,dirisin rusca
dilində oxşayan yad damarına !

Paylaş