Aqşin Evrənin gizli telefon danışığı – İLK DƏFƏ

Aqşin Evrənin gizli telefon danışığı – İLK DƏFƏ

14
Paylaş

Kulis.az şair Aqşin Evrənin “Mənfi sənsiz dərəcə” kitabından “Telefonda deyilməmiş sözlər…” şeirini ilk dəfə təqdim edir.

 

– Alo! Axşamın xeyir… hələ oyaqsan?
(Yuxuların ölər… yuxular ölər
baxışın zilləndiyi soyuq tavanda)
– Hə, axşamın xeyir… oyağam yəqin
(Ahh onun qucağı… onun qucağı
Və bir dəstə təzə, nəmli lavanda)

 

– Saat artıq 3-dür… niyə yatmırsan?
(Bu dərd oyaqlığı məni öldürür
Əbədi yuxuya hələ var kimi)

– Başım ağrıyırdı, bol kofe içdim…
(Qaldırıb yorğanı yatmaq istərkən
yataq ağzın açır canavar kimi)

– Xəstəliyin necə?.. ağrıyırsanmı?
(Mən yaxşı deyiləm, yaxşı deyiləm…
Sapsağlam olsam da, ölürəm burda)

– Yox, hər şey yaxşıdır… rahatlaşmışam
(…və günün hər anı, hər saniyəsi
durub sənə tərəf gəlirəm burda)

– Həə… Markes də öldü – ilk xatirəmiz

(Bu vəhşi, amansız “100 il tənhalıq”
Məni səhifələrə ayırır hər gün)

 

– Dayan, kimsə gəldi… qapı döyülür

(və səndən beləcə uzaq olduqca
hər axşam qapıma baş çəkir ölüm)

 

– Nə oldu?… kimdir ki, bu vaxtda gələn?
(Yaman darıxıram bu süst gecələr
Evə gəlişimi gözləməyinçün)

– Qonşu qapısıdır… bizimki deyil

(Hər şeyi ataraq sənə gələrdim
Bircə gün ömrümə gəlməyin üçün)
– Hə, belə… gecdir day, yatmaq zamanı

(Daha səndən sonra… və səndən sonra

Qanlı era kimi keçir gecələr)

 

– Sən yenə içirsən o zəhrimarı?
(Vallah, mənimki də ömür, gün deyil
Yastıq göz yaşımı içir gecələr)

– Yox, daha içmirəm… bəs ərin necə?

(Eşş ərin bilsə ki, necə xoşbəxtdi:

Hər səhər səninlə birgə oyanır)

 

– Xanımın necədir, övladın necə?

(Ay Allah, bu sual necə ağırdır

Bu nədir, elə bil, ömür dayanır)
– Yaxşıdır hamısı, yaxşıdır, vallah
(Bircə mən onlarla deyib-gülsəm də,

Hər gün can çəkirəm bu üç otaqda)

 

– Həə, biz də yaxşıyıq… biz də yaxşıyıq
(Bircə mən zəliləm, ölürəm indi
Böyük bir yoxluğam səndən uzaqda)

 

– Daha çox gecdir e, yatmaq lazımdır
(Yenə zəng edərsən, əbədi ömrüm,
Telefon başında gözlərəm səni)

– Gecən xeyrə qalsın… sağ ol, əlvida.
(Bax elə indicə sağollaşsaq da
Ürəyim yığacaq sənin nömrəni).

Paylaş