Orxan Bahadırsoyun şeirləri

Orxan Bahadırsoyun şeirləri

14
Paylaş

Gəl, elə indi qapımdan
gir də, dəymərəm xətrinə.
Nə desən gözlərim üstə,
bir də dəymərəm xətrinə.

Nə bəla gələrsə səndən
baş əyib salam verərəm,
düşərəm hislərim üstə
dərdə, dəymərəm xətrinə.

Qorxuram tikan dilimdən,
susaram, lal olaram mən,
çəkərəm sözlərim üstə
pərdə, dəymərəm xətrinə.

Sənə titrək əllərimdən
hörərəm libas, soyuqdu…
salaram dizlərim üstə
yer də, dəymərəm xətrinə.

Demə ki, boşbağazam mən,
nə dedimsə bitdi, getdi…
sev məni düzlərim üstə,
şərdə dəymərəm xətrinə.

Naxışlar salıb getdiyin,
gəzərəm yolları bir-bir,
ölərəm izlərin üstə,
gəl də, dəymərəm xətrinə.

Dəymərəm xətrinə
***

Elə bilmə yox olur parçalanan adamlar,
mən bölünə-bölünə çoxalıram, əzizim!
Bir hüceyrə kimiyəm, bölünüb milyon yerə,
ayrı-ayrı vücudda yığılıram, əzizim!

Daş olsa od tutardı, mənəm yaşayan hələ,
əllərimi qoynuma qısıb gözləməkdəyəm.
Mən də ki bu səbr var, məəttəldi tanrı da,
qışqırıb gözləməkdə, susub gözləməkdəyəm.

Mən gülməyi yadımdan çıxarmamaqdan ötrü,
özümü qıdıqlayıb gülürəm, e, bilirsən?
Bir söz deyim, sakit ol, təlaşlanma, sən canın,
heyif, yaxşı adamdım, ölürəm, e, bilirsən?

Əlindən düşdüm yerə, gözündən düşdüm yerə,
düşüb sındım, başıma zülümdü də bu gələn!
Gözləyişim, birdənəm, əbəs deyil, görürsən?
İndi döyülür qapım, ölümdü də bu gələn!

Gəlib, ədəb içində, boynunu büküb gəlib,
gəlib məni aparsın naməlum o dünyaya.
Deyirlər ki, o dünya milyon ildi boş qalıb,
indi elçi göndərib ki, dolum o dünyaya.

Üzülmə, üzülmürəm, məni çoxalım deyə,
bağına-bağçasına əkər o dünya varsa.
Sevinsin o ölüm ki, mənim hüzurumdadır,
sevinsin o dünya da, əgər o dünya varsa!?

Sevinsin o ölüm ki…
***

Zərrə-zərrə yığıldı, parça-parça quruldu,
min-min tufandan keçib, qocaman bir yer oldu!
Gah yandı, gah da dondu, həyat tapdı bu kürə.
Bütün canlılarına toxumdu tək hüceyrə.
Elə ki, bu toxumun yetdi insan bəhəri,
o gündən tükənmədi bu dünyanın qəhəri.
Daha bəhər vermədi, insan sonuncu oldu!
Bu dünyanın köksünə ən ağır sancı oldu!
Qocaman azadlığı ölkə-ölkə böldülər,
adına vətən deyib, öldürdülər, öldülər!
Tikanlı məftil çəkib sardılar hər yanını,
deşik-deşik etdilər azadlığın canını!
Özlərinə dünyadan padşahlar da seçdilər!
Baxıb göyün üzündən allahlar da seçdilər!
Heykəllər ucaltdılar, məqbərələr tikdilər!
Gah təzimə durdular, gah da ki, diz çökdülər!
Bu məhkum azadlığın adına dövlət deyib,
hakimə hörmət deyib, haqqa ibadət deyib,
əldə silahlar tutub keşikdə dayandılar,
nizələrdə deşilib, bombalarda yandılar!
Alimi yaltaq oldu, şairi yaltaq oldu!
Zərrə həqiqət desə, soyuldu, dustaq oldu!
Hər yalana bir orden, bir təqaüd verdilər!
Bu çirkabdan uşağa, gəncə öyüd verdilər!
Yağış-yağış tüpürdü insana yer kürəsi!
Küləklə kül üfürdü insana yer kürəsi!
Dedi:
– Azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!
Uçsun bu qurduğunuz sərhəd məntəqələri!
Yıxın öz içinizdən bütün təbəqələri!
Mən neçə tufan keçib azadlığa çıxmışam!
Bütün canlılarımı bir mayadan doğmuşam!
Mən günəşin başına nəzir olmamaq üçün,
özüm öz ətrafımda döndüm-dolandım hər gün!
Azadlığa çıxdıqca daha gözəl göründüm!
Günəşin sevgilisi mənim başıma döndü!
Siz ki azad idiniz ağac budaqlarında!
Siz ki gözəl idiniz əncir yarpaqlarında!
Atın öz əlinizdən ölüm tüfənglərini!
Sizin üçün doğmuşam bu gül çələnglərini,
bu dadlı meyvələri, bu ləzzətli otları.
sizə çətir etmişəm üstümdə buludları!
Kainatın ən gözəl yerində mən durmuşam!
Siz azad olun deyə, bir azad ev qurmuşam!
Sizsə məhkum etdiniz mənim azadlığımı!
Zəhərli tüstülərlə cırdınız yaylığımı!
Daha meteorları əritməyə gücüm yox!
O çılğın şəfəqləri ram etməyə gücüm yox!
Mənim azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!

Azadlıq
***

Tanrıdan yoluxmuşuq
bu çarəsiz təkliyə.
Bir adam gözləyəsən,
o da gəlmək bilməyə…

Bu xain gecələrin
qırıq yelkəni ki var,
orda bir-bir boğulur
bütün tənha adamlar.

İçki sinə yandırır,
tütün boğaz göynədir.
Bir adamın içində
bu boyda səs-küy nədir?

Lap adama yük olur
saqqal ülgüc qıranda.
Siqaret islananda,
pivə də qıcqıranda.

Bir sığala göz dikən
saçların darxmağı
soruşar, hardan tapdın
bu dəli tənhalığı?

Pişiklərə atırsan
yemədiyin ətləri.
Sənə hirslənib hürür
məhəllənin itləri.

Dərmanlar kəsə bilmir
içindəki ağrını.
Bütün tənha adamlar
bağışlasın tanrını.

Bütün tənha adamlar
***

Bu bozluq sindromu çökdü artıq gözümə.
Boz döşəmə, boz divar, üstümdə boz tavandı.
Bu toz çəkən pəncərə baxır boz-boz üzümə,
gəlməyən bir adamı gözləyib havalandım.

Divarı qaşımaqdan barmaqlarım dəlikdi,
hələ baxıb gülürəm – ağılalmaz maniya…
Yoxluğuna dözmək də yəqin ki, xəstəlikdi,
bu ruhun xərçəngidi, ya da şizofreniya…

Qalaq-qalaq kötüklər çinlənir külqabıya,
axı niyə bu evdə hər şeyin rəngi bozdu?
İçki şüşələri də diyirlənir qapıya,
yoxluğundan bu evin hər yanı kirdi, tozdu!

Çıxıram evdən çölə, azıram yoxluğunda…
işıq dirəklərindən tuturam, yıxılmayım.
Bu adamayovuşmaz şəhərin soyuğunda,
gah toza, gah palçığa batıram, yıxılmayım.

İri projektorlar şosenin ortasında,
hələ maşın səsləri, maşın işıqları var…
Sənsiz gecə kimidi günün günortası da,
sənsiz heç nə görmürəm, hara gedir bu yollar?

Nə danışır bu yollar? Nə qışqırır bu maşın?
Niyə uçmur o körpü? Niyə sönmür bu işıq?
İndi hər şey əbəsdir, ha dinim, ha danışım!
Səndə mənsiz qalmışıq, məndə sənsiz qalmışıq.

Yoxluğun
Orxan Bahadırsoy

Paylaş