daha şeirlərimi deyirəm suya

daha şeirlərimi deyirəm suya

273
Paylaş

16F37D92-2F26-41C2-BC1C-A46467124896Gənc yazar  Bəhruz Əlinin (Bəhruz Freeman) yeni qələmə aldığı şeirləri oxuculara təqdim edirik.

***

bu qışın ortası,
solğun gecədə
sənlə bərabərik,
sənlə heç-heçə.

bu hesabı seçib,
bütün hakimlər
sənsizliyə əlac,
tapmır həkimlər.

sevgi futbol deyil!
hazırlaşasan.
ya oyun alasan,
oyun satasan!

nə qaydanı pozub,
bir kart alasan.
nə də ki, cərimədən,
bir qol vurasan.

sevgi bir elmdir,
sevgi fəlsəfə
qapçıyla gəlsək də
tənginəfəsə.

savaşdı, qardaşlıq
heç bəlli deyil.
sevgilim, futboldu,
bu sevgi deyil.

gəl qarışdırmayaq,
biz hesabatı.
futbol 90 dəqiqə,
sevgi həyatdı.

ikimizdən biri,
uduzmalıdır
texniki qələbə,
alınmamalıdır.

bəlkə də dəyişdim,
başqa biriylə.
məni əvəz etdin,
sən özgəsiylə.

amma bunu bil ki,
o yanıldacaq
mənim zərbəm kimi,
pas atmayacaq

***

bu nə dərddi, bu nə ağrı, ay Allah!
bu dərdlərin kökü yoxdu, zatı yox
bu nə səbr, nə yanğıdır, ay Allah!
cəhənnəmdə bu yanğının qatı yox

yiyəsi yox, sahiblənə apara
şillə vurub qulağından da çəkə
canımı da qoyum bilmirəm hara
düşübdü könlümə qapqara ləkə

boyum çatmır, əl atıram götürəm
o qalxdıqca mən də cılızlaşıram
səsim çatmır, Allah, sənə yetirəm
səsim batır mən də vidalaşıram

gəlirəm yanına ay Allah sənin
bu dərdi bir sənə danışacağam
kövrəlsəm noolar saxlama mənə
özümü də, səni də ağlayacağam

***

daha şeirlərimi deyirəm suya
sənə yazıldığın yaxşı bilirsən
özünü gicliyə vurmusan guya
sənə yazdığımı guya bilmirsən?

məgər bilmirsən ki, sənsizliyi
acı dərmanlarnan ötüşdürürəm
indi bilmirsən ki, sənin yerini
içki şüşələriylə bölüşdürürəm

heç bilmirsən tökülən bu saçı
əlin yox, küləklərin darayır
götürüb aparım hara bu canı?
götürsəm sevgimin canı qanıyır

***
deyrlər ki, gedənlər
qayıtmayırlar geri
tanrının bir adı var
ya ölümdü, ya sevgi

bilirəm ki, gələnlər
ovutmurlar heç kimi
təsəllinin adı var
ya mənimdi, ya sənin

bilirəm ki, bilənlər
bildirmirlər hissləri
yoxluğun da adı var
ya göz yaşı, hədərdi

bilirəm ki, sevənlər
yaşamırlar heç kimi
bağışla sənin yerinə
yaşadı bəziləri

bilirəm ki, gülənlər
yalandan gülüşürlər
birdən söz-söhbət düşür
sözü güləşdirillər

bilirəm ki, ölənlər
yalançı deyildilər
ya qal yanımda mənim
ya ol ona şeirlər

***

təki sən xoşbəxt ol
nə deyim ki, mən?
sənin toy şahidin,
özüm olaram.

qız evindən biri,
olsa da əgər,
oğlanın sağdışı,
özüm qalaram.

gözündən bir gilə,
yaş gəlsə o an
o dolğun gözündə,
yaş tək donaram.

gül büketi atsan,
subay qızlara
atdığın güllər mən,
bu gün solaram.

vağzalı çalınar,
hamı dağılışar
o bəyin yerində,
qaçıb duraram.

keçərsən bəzəkli
pilləkənlərdən,
baxaram ardınca,
orda donaram

niyə belə oldu,
necə getdin ki?
sualı, suala
hey calıyaram

anan da arxanca
su səpər bəlkə
o suyun düşdüyü
sənsiz çuxuram

***

iki əlim cibimdə
üşüyürəm, çətindi
hər küçənin tinində
gözləyirəm, gəl indi

baxıram pəncərələrə
çirklərinnən gül bitir
məni görüb deyirlər:
cındırından cin ürkür

indi sənin yoxluğun
bir küçədə yaşanır
bir az gecə düşəndə
tez içkiyə qurşanır

əsir bütün bədəni
gözündən kədər yağır
qarşına şəklin çıxır
o da düşməntək baxır

***

  1. Nəzirə
    bir ömrü yığmışam qum torbasına
    saxlayıram, yatmıram ki, gecələr
    doldurmuşam eşqi, dərd sobasına
    yandırıram, yatmıram ki, gecələr.

belə yanmamışam, deyə bilmərəm
sənə çətindirsə, özüm gələrəm.
vallah ağrılara dözüb gələrəm
sağaldıram, yatmıram ki, gecələr.

azmışam bir ömrü sənin yolunda
indi boş keçidəm sənin yolunda
bütün bu yolları, sənin yolunda
axtarıram, yatmıram ki, gecələr.

bir nə çəkdiyimi, o Allah bilir
səni də ömrdən silmək istəyir
əlimdən bir dua etməyim gəlir
yalvarıram, yatmıram ki gecələr

Paylaş