Tatyana Tolstaya: “Kvadrat” (hekayə)

Tatyana Tolstaya: “Kvadrat” (hekayə)

9
Paylaş
Tatyana Tolstaya 1951ci ildə Leninqradda (indiki SanktPeterburqda) dünyaya göz açıb. Məşhur sovet yazıçısı Aleksey Tostoyun nəvəsidir. Leninqrad Dövlət Universitetinin klassik filologiya fakultəsini bitirəndən sonra nəşriyyatda redaktor vəzifəsində çalışıb. Otuz iki yaşında ikən qələmə aldığı ilk hekayəsi 1983cü ildə “Avrora” jurnalında çap olunub, ilk hekayələr toplusu isə 1987ci ildə oxucuların müzakirəsinə verilib.
Bir çox xarici jurnalla (“The New Yorker”, “New York review of books” və sair) və ABŞ universitetləri ilə əməkdaşlıq edir. Son bir neçə ili ABŞda yaşayır və işləyir. Rusiyada və xaricdə böyük marağa səbəb olan “Kıs” romanının (2000) müəllifidir.
Kvadrat
(hekayə)
1913, ya 1914, ya da ki 1915ci ildə, günüfilanı da bəlli deyil, polyak əsilli rus rəssamı Kazimir Maleviç çox da iri olma­yan, 79,5×79,5 santimetr ölçülü bir kətan parçası götürüb, kənarlarını ağ, ortasını qatı qara rəngə boyadı. Bu sadə işləmi is­tə­nilən uşaq da bacarardı, hər­çənd ki, uşaq­ların belə böyük sahəni bir tək rənglə boyamağa səbrləri çatmaz. Bu işi yalnız cizimçi (=çertyojçu) bacarar­dı Maleviç isə cavanlığında cizimçilik etmiş­di am­ma yeri gələndə heç cizimçilər də bunca sa­də həndəsi fiqurla işləməyə həvəs gös­tər­məzlər. Belə bir tablonu ruh xəstəsi olan birisi çəkə bilərdi amma onlardan da bir kimsə onacan bu işə girişməmişdi, heç bunu çəksəydi belə, onun bunca uy­ğun zamanı və uyğun yeri seçməklə rəsm sər­gisinə qatılma şansı imkansızdı.
Bu bəsit işləmi gerçəkləşdirən Male­viç isə sonradan dünyanın ən məşhur, ən sirli, ən qorxunc tablosu olan “Qara kvad­rat”ın müəllifi kimi tanındı. Adi fırça hə­rə­kətləri ilə o, köhnəklə yeni sənət, in­san­la onun kölgəsi, qızılgüllə tabut, ya­şam­la ölüm, Yaradanla İblis arasındakı ke­çilməz həddi, uçurumu göstərdi. Özü­nün dediyinə görə, o, “hər şeyi sıfırladı”. Amma nədənsə onun yaratdığı bu sıfır kvadrat biçimliydi və bu sadə ixtira bü­tün sənət tarixi üçün görünməmiş tapıntı idi.
Nə yaratdığını Maleviç özü də yaxşı anlayırdı. Bu əlamətdar hadisədən bir il, ilyarım əvvəl o, öz dostlarıyla və həmfi­kir­ləriylə quzeyin mənzərəli bir bölgəsin­də yerləşən yayevində keçirilən Rusiya fu­turistlərinin birinci qurultayına qatıl­mış­dı. Oradakı sənət xadimləri “Gü­nəş üzə­rində zəfər” adlı opera yazmaq qə­Ra­rı­na gəldilər və ertələmədən, elə ya­ye­vin­dəcə işə girişdilər. Maleviç səhnə tər­ti­batı hazırladı. Hələ o vaxt o, pər­də­lər­dən birində arxa fon üçün sonra­lar ya­Ra­nacaq məşhur kvadratını uzaqdanuzağa xatırladan rənglərlə, yəni ağqara bir de­ko­rasiya işləmişdi.
Bir ilham anında və sırf təsadüf nəti­cə­sində onun fırçasından bu dekorasiyaya kö­çən ideya sonralar Peterburqdakı ema­lat­xanada rəssama özünün nəzəri tapın­tı­sı, ən yüksək və əlçatmaz uğuru təəssü­ra­tını bağışladı. Ona əyan oldu ki, çoxdan bə­ri aradığı sirli və böhranlı nöqtəni ta­pıb, bu nöqtə ətrafında və bu nöqtə arxa­sın­da artıq heç nə gizlənmir və gizlənə də bilməz. Bir rəssam kimi dahiyanə his­siy­yatı ilə, Yaradanın bəxş etdiyi uzaq­gö­rən­liklə o, bulunduğu zülmətdə əl havası­na indiyədək çoxlarının yanından və üs­tün­dən diqqət etmədən keçdiyi o yasaq rəng­li, o yasaq və bəsit biçimli fiquru kəşf etmişdi…
Halbuki bəzibəzi adamlar “Günəş üzə­rində qələbə çalmaq” sövdasına düş­müş, bəziləri isə Zülmət Sultanına mey­dan oxumağa cürət eləmişdi. Maleviçə isə bu nəsib oldu və bu sirrə təşnə olan Faustlar, İblislə sövdələşmələr haqda inandırıcı rəvayətlərdə deyildiyi ki­mi, Dünyanın Sahibi ləngimədən və ani zühur etməklə rəssama yoxluğun bəsit düs­turunu pıçıldadı.
Birinci Cahan savaşının ən qızğın çağında, yəni 1915ci ilin sonlarında bu qor­xunc tablo digər işlər sırasında futu­rist­lərin sərgisinə çıxarıldı. Digər rəsmlə­ri­ni adi şəkildə divarlardan asan Maleviç, “Kvadrat”a xüsusi bir yer ayırmışdı. Hə­min sərgidə çəkilən foto “Qara kvad­rat”ın tavanla divarın birləşdiyi küncdə, adə­tən ikonaların asıldığı yerdə, yəni önəm­li, qırmızı və qutsal küncdə asıldı­ğı­nı bizə sübut edir. Buradakı “qırmızı” sözünün rəng yox, gö­zəllik mənası daşı­dı­ğı­nı rənglərə ha­kim olan birisinə xatır­lat­maq yersizdir. Əslində Maleviç bu «q­ra dəliyi» bi­lə­rəkdən o qutsal künc­dən as­mış­dı, çünki öz əsərini “Yeni zə­ma­nə­nin iko­nası” ad­landırırdı.
Buradakı “qırmızı” qara (=sıfır­lan­mış) rəng ilə, üz boşluq (=sıfırlanmış ciz­gi) ilə, yuxarıya, işığa, əbədi həyata açı­lan pəncərə isə zülmətlə, qaranlıq zir­zəmiylə, cəhənnəm qapısıyla, dibsiz zül­mətlə əvəz olunmuşdu.
Gözəl rəssam, sənət araşdırıcısı, həm də Maleviçin müasiri olan A.Benua tablo haqda yazmışdı: “Ağ çərçivədəki bu qara kvadrat adi zarafat, adi etiraz, Mars meydanı tərəflərdəki hər hansı evdə baş verən təsadüfi və əhəmiyyətsiz bir təfərrüat deyildi. Əslində Kvadrat özünütəsdiq xətrinə hər şeyi amansız yağmaya uğradan aksiyadır, o, sevgi və zəriflikdən yoğrulmuş hər şeyi tapdalayıb məhvə sürükləməklə yanaşı, özünəhey­ran­lıq­dan və təkəbbürdən həzz almaqdan da qalmır. ”
Bundan xeyli əvvəl, hələ 1869cu ilin sent­yabrında Lev Tolstoy, bütün sonrakı hə­yatına dərin təsir göstərmiş və hər hal­da onun dünyagörüşündə əsil dönüş ya­rat­mış nə isə anlaşılmaz bir duyğuya qa­pı­lıbmış. Vacib və karlı bir alışveriş üçün xoş əhvalla evdən çıxıb, özünə yeni mülk almağa yollanır. At belində yol gedəgedə yoldaşlarıyla şirin söhbət edirmişlər. Gecə düşür. “Arada mürgü vursam da, qəfil oyandım: içimə nədənsə təşviş doldu. (…) Birdən mənə elə gəldi ki, bu qədər yol getməyimə heç ehtiyac yox­muş, mən elə burada, bu qərib yerdəcə ölə­cəyəm. İçimi dəhşət bürüdü.” Yolçu­lar kiçik Arzamas şəhərində gecələmək qə­rarına gəlirlər. “Axır ki, önü sütunlu bir evə gəlib çatdıq. Ev ağ rəngdə olsa da, mənə son dərəcə qəmli göründü. Təşvi­şim daha da artdı. (…) Dəhliz çox kiçik idi, üzündə ləkə olan bu ləkə də içim­də­ki dəhşəti bir az da gücləndirdi yarı­yu­xulu bir kişi mənə ayrılan otağı göstərdi. Otağı da qaramat bürümüşdü. İçəri keçin­cə içimi əsil dəhşət sardı.
(…) Bütün divarları ağardılmış, kvad­rat biçimli kiçik otaq idi bu. Xatırladığım qədəriylə, mənə ən çox əziyyət verən bu otağın məhz kvadrat biçimli olması idi. Qırmızı pərdə asılmış tək pəncərəsi vardı. (…) Yastığımı alıb, divana uzandım. Oyandığım zaman otaqda bir kimsə yox idi və hələ ki qaranlıqdı. (…) Hiss edirdim ki, burada yuxulamaq imkansızdır. Axı buralarda nə azarım vardı mənim? Canımı götürüb hara gedirdim belə? Nədən və hara qaçırdım axı? Nə isə qorxunc bir şeydən qaçsam da, buna nail ola bil­mirdim. (…) Bu əzabverici düşüncələrdən qurtulmaqdan ötrü dəhlizə çıxdım. Amma o da ardımca düşdü. Əvvəlki kimi, bəlkə də daha betər, dəhşətə gəldim.
Öz-özümə: Bu nə sarsaqlıqdır axı? sordum. Nəyin intizarındayam, nədən qorxuram görəsən?
Ölüm güclə sezilən səslə: Məndən, dedi. Mən burdayam.
(…) Keçib uzandım, amma elə o anda yerimdən dəhşət içində sıçradım. Bu, bir növ intizarı xatırladırdı, belə intizar qusmadan öncə olur adamda. Bir az da ruhsal nigaranlığa bənzəyirdi. Dəhşətliydi, qorxuncdu. Belədə adama elə gəlir ki, o ölümdən qorxur, amma yaşantılarını xatırlayıb, irdələyincə görürsən ki, yox, ölümə məhkum olun­muş həyatın üçün qorxursan. Sanki ölüm­lə həyat biribirinə sarmaşıb. Anlaşılmaz bir hiss qəlbimi didibyesə də, onu tam dağıda bilmirdi. Bir daha gedib rahat yatışanlara baxdım, bir də yuxulamağa cəhd etdim, amma yenə də eyni, yəni ağ və qırmızı rəngli, kvadrat biçimli dəhşətə qa­pıldım. İçimdə nə isə qırılmışdı, amma sağasola dağıl­maq bilmirdi. Mənə göz­gö­rəsi və amansız bir əzab verir, içimdəki bütün xeyirxahlığı harayasa silibsüpürür, yerində isə özümə və məni mən edən hər şeyə qarşı sakit və acıq qəzəb qaynayırdı.”
Yazarın həyatında “Arzamas dəhşəti» adıyla bilinən bu məşhur və sirli yaşantı heç də sadəcə güclü depressiyanın qəfil fəsadı deyildi. Bu, ölümlə, şərlə gözlənil­məz buluşmaydı. Həm də ağ və qırmızı rəngli, kvadrat biçimli. Lap Maleviçin tablolarından birinin sözlü versiyası kimi səsləndi bu.
Lev Tolstoy bu ağqırmızı kvadratla bağlı olayı nə öncədən sezə, nə də mövcud durumu lazımınca kontrol edə bilərdi. Bu olay onun üstünü qəfil almışdı, onun ömür yolunda zühur etmişdi və baş vermiş bu olayın təsiri ilə yazar birdənbirə olmasa da, o vaxta qədər ətalət altın­da sürdüyü yaşam tərzindən, ailəsindən, sevgisindən, yaxınlarını anlamaqdan, onu əhatə edən aləmdən, sənətin özündən uzaqlaşmağı tərcih etmişdi. Əyan olmuş bu “gerçək” onu boşluğa, sıfır həddinə, özünüməhvə sürükləməyə başlamışdı. İllərlə sürən “mənəvi axtarışlar” ömrünün sonunda nəticəsiz qalmışdı, ortaya qoydu­ğu isə bir ovuc adi gerçək olmuşdu xristian­lı­ğın ilkin variantı. Vəssəlam.
Onun bu dünyadan imtina edən davam­çı­ları da heç nəyə nail olmamışdılar. Araq yerinə çay içmək, ət yeməmək, ailə bağlarını pisləmək, hər nə qədər zövqsüz də alınsa öz çəkməni öz əllərinlə tikmək bax, bütün bu sadalananlar kvadratı fəhm edən bir şəxsiyyətin mənəvi axtarışlarının yeganə yekunu və qaçılmaz nəticəsidir. Məgərsə ölümün bircə yol səslənən “Mən burdayam” pıçıltısı yetərliymiş ki, onun ömürboyu qurduğu aləm altüst olsun. Amma bu mübarizə hələ bir müddət də davam edəcəkdi: axı, əbədi həyat qazan­dır­maq üçün haqqında amansız ölüm fərmanı çıxaracağı Anna Karenina, neçəneçə başqa sözsənət incisi hələ irəlidə­y­di.
Amma bütün bunlara rəğmən kvadratın qələbəsi şübhəsiz idi, çünki artıq sənətin aramsız çağlayan həyat eşqindən qopan sənətkar artıq primitiv pritçalara, ucuz nəsihətlərə meyl salmışdı, özünün fiziki ölümünü gözləmədən şam tək sönməyə üz qoymuşdu. Bu dönəmdən sonra o, dünyanı öz əsərlərinin bədii siqləti ilə deyil, məhz doğal əzablarının sonsuzlu­ğuyla, fərdi etirazıyla, özünədivanın o vaxta qədər görünməmiş aşkar biçimiy­lə sarsıdacaqdı.
Ömrü axtarışlarda keçən Maleviç də oturub, kvadratın zühurunu gözləmə­miş­di. Özünün “suprematizm” terminini or­ta­ya atana qədər o, normal düşüncə­nin sərhəd­lərini aşmaq, “normal mən­tiq­lə, təbiiliklə, məhdud düşüncə və ön­yar­ğılarla müba­rizə” mənasında “alo­qizm” (=məntiqsiz­lik) ideyasını təbliğ et­mişdi. Onun bu ça­ğı­rışına cavab kimi kvadrat ideyası günlərin bir günü ona əyan oldu və rəssamın iradəsinə şərik­siz hakim kəsildi. İblislə olan bu sövdə nəticəsində qazandığı şöhrətlə rəssam ancaq öyünə bilərdi və öyünürdü də. Şöhrətin ona gətirdiyi bu ikimənalılığı rəssamın özünün dərk edibetmədiyini de­yə bilmərəm, amma bu əsər barədə “rəs­samın ən məşhur əsəri” deyilirsə, onda belə çıxır ki, onun digər əsərləri bu­nunla müqayisədə daha dəyər­siz, da­ha naməlum, daha cazibəsizdirlər, yəni daha pisdirlər. Bu kvadratla qiyas­lama apa­randa onun qalan tabloları, həqi­qə­tən də, kölgədə qalır.
Bundan başqa, rəssamın kəndliləri həndəsi cizgilərlə təsvir etdiyi tabloları var ki, burada üzlərin yerindəki boş və şəffaf ovallar ətçəbalasız (=rüşeymsiz) yumurtaları xatırladır. Nə qədər dekorativ və əlvan olsalar belə, bu tablolar adama siqlətsiz görünür, həyatın qarmaqarışıq­lı­ğını əks etdirən, gözəgörünməz bir axar bir­cə anlığına parlayan bu rəngləri Kvad­ratın əngin dibinə çəkməklə onları orada əbədilik gömür. Rəssamın impressionist üslubda, çəhrayı tonlarda işlədiyi mənzərələr çox bayağıdırlar çoxları bu üslubda çəkib və bundan daha yaxşı çəkib.
Ömrünün sonlarına doğru rəssam təkrar özünün fiqurlu üslubuna dönməyə cəhd edib, lakin bu əsərlər çox qorxunc təsir bağışlayırlar və ondan bunu ummaq çətin de­yil­di, çünki təsvir olunanlar adamdan daha çox mumyalanmış cəsədləri, mum hey­kəl­ləri xatırladırlar: öz paltarlarının çərçivələrindən dünyaya boylanan bu kukla­la­rın sanki “Kəndlilər” seriyasındakı fiqurların aləlvan parçalarından yaradıldığı təəssü­ratı doğur. Əlbəttə, hər hansı bir işdə zirvənin, yoxuşun dörd bir yanı eniş ol­duğundan qalxdığın zirvədə umduğunu bulmaman dəhşətlidir.
Sənətşünaslar Maleviç haqda həvəslə yazırlar ki: “Onun “Qara kvadrat”ı özünə qədərki bütün boyakarlıq anlayışlarını içinə aldı, naturanı eynilə yamsılama yöntəmində son nöqtəni qoymaqla özünü mütləq forma kimi təqdim etdi, biribiriylə əlaqəli və ya əlaqəsiz, hər barədə sərbəst formaların tablonun əsas mənasını təşkil etdiyi sənəti gündəliyə çıxartdı.”
Kvadratın nəyə isə (o cümlədən sənətkarın özünə də!) qara bir nöqtə qoyması fikri doğrudur. Onun mütləq forma kimi varlığı fikri də haqlıdır, amma bu fikirə inansaq, belə çıxar ki, mütləq xarakter daşımayan bütün digər formalar gərəksizdirlər. “Sənəti gündə­li­yə çıxart­dı”… deyimi isə tamamən yanlışdır, çünki Kvadrat sənətin son­nu, süqutunu, onun gərəksizliyini, imkan­sız­lı­ğını göstərir; o, sənətin atəşə veril­diyi sobadır, sənəti əjdaha təki udan iri cə­həngdir, çünki Benuanın yuxarıda si­tat gətirilən fikrinə görə: «Kvadrat özü­nütəsdiq xətrinə hər şeyi amansız yağmaya uğradan aksiyadır, o, sevgi və zə­riflikdən yoğrulmuş hər şeyi tapdalayıb məh­və sürükləməklə yanaşı, özünəhey­ran­­lıqdan və təkəbbürdən həzz almaqdan da qalmır.»
Kvadrataqədərki dövrdə rəssam bü­tün ömrünü sənətin sirlərini öyrənməyə həsr etmiş, materiyanın ölgün, dolayı və xaotik biçimlərinə dirilik bəxş etmişdi, üfləmək­lə qoruduğu atəşin ətrafa işıq saç­masını diləmiş, adi insan gözünün sezmədiklərini görmək üçün min bir əziy­yətə qatlaşmışdı. Bəzən onun əziy­yət­ləri və diləkləri uzun müddətə və ya ötəri də olsa, yerinə yetmişdi, amma heç nə qalıcı olmamışdı. Bəzən Mələk, bəzən Ruh, bəzən İlham pərisi, bəzən hətta İblis kimi bizə görünən Tanrının ürəyi hərdən­bir rəhmə gəlir və o, məhz özü üçün sax­ladığı, biz fanilərdən gizlədiyi, adlarını dəqiq bilmədiyimiz mü­əy­yən nəsnələri, uçucu duyğuları, ilahi nurun ayrıayrı dilimlərini O əlindən salır.
Tanrının belə bir ödülünü qazanan sənət­kar buna qarşı­lıq olaraq, ona özünün son­suz şükranlıq duy­ğusunu və itaətini göstərir, qəlbi fə­rəh, gözləri isə (adi gözlə görünən və ya görünməyən) daxili arın­ma­nın (=katar­si­sin) doğurduğu billur yaş­larla dolur. Onun içini bürüyən bu duyğu bir dalğa kimi gəldigedər olduğundan Sənətkar da ya­vaşyavaş xurafatçı olmağa başlayır. O, bu təcəllanın təkrarını arzulayır, onu da bi­lir ki, gələn səfər Tanrının diqqəti on­dan yan da keçə bilər, könül gözünü daim ayıqsayıq tutur, daxilən hiss edir ki, ac­göz­lülük, qərəzçilik, özündənrazı­lıq, id­dia­lılıq bu cənnətin qapılarını onun üzünə əbədilik qapaya bilər.
Ona görə də o, içinə hakim kəsilən duyğunu gü­nahlardan uzaq tutmağa çalışır və ar­tıq anlayır ki, o Yaradanın sevimli şa­gir­didir, yaradıcı­lıq­da onun ortağı, həm də güvənilən or­tağıdır. Sənətkara əyan olur ki, yaradıcı ruh istədiyi yerdə və istədiyi cür təcəlla edir. O, onu da yaxşı anlayır ki, bu ruhun məhz onu seçməsindən ötrü elə bir zəhməti də keçməyib, ona görə də belə möcüzəli seçimdən ötrü ona həmin ruha ancaq şükür etmək qalır.
“Kvadratsonrası” dövrün rəssamı, yəni qara dəliyin dibinə boylanarkən diksinməyən və bu kvadrata sitayiş edən rəssam artıq ilham pərisinə və mələklərə tapınmır, çünki artıq onun qısa və metal qanadlı, qapqara mələkləri var, hər şeyə, hətta insan şöhrətinə də qiymət biçməyi bacaran bu özündənrazı cənablar şöhrət süfrəsindən ən yağlı tikəni qoparmağın yolunu hamıdan yaxşı bilirlər.
Onlara görə, sənətdə düşünən baş daha vacibdir, ilham yox, təkcə dəqiq hesab başlıca faktordur. İnsanlar yalnız yeniyə heyran olduqlarından daim yenilik icad etməli­sən. İnsanlar hər şeydən cırnayırlarsa, demək, onları cin atına mindirməlisən. Əgər insanlar hər şeyə biganədirlərsə, onları dəngədən çıxarmaq lazımdır, onları alçaldan, başdan çıxaran, qıcıqlandıran şeylər tapmalısan. Əgər qarşındakının sənə sarı dönməsini istəyirsənsə, dəyə­nəklə kürəyinə ilişdir, geri dönüncə isə üzünə tüpürə bilərsən, hətta bu təhqir qarşılığında ondan pul da qopara bilərsən, yoxsa bu, sənətfilan sayılmaz. Yox, əgər vurduğun adam fəryad qopararsa, onu sarsaq adlandırmalısan, ona anlatmalısan ki, sənət sənətin öldüyünü sadəcə elan et­məkdən ibarətdir və o da sənin ardınca təkrarlamalıdır ki: sənət ölüb, ölüb, ölüb.
Tanrı ölüb, Tanrı heç vaxt doğulmayıb, Tanrını ayaqlamaq lazımdır, çünki Tanrı hamıya nifrət bəsləyir, Tanrı kor və sarsaqdır, Tanrı möhtəkirdir, Tanrı əs­lində elə Şeytandır. Sənət ölüb, elə siz də, hahaha, pul verin, qarşılığında isə bir tikə nəcis alın, bu həqiqisindəndir, tün­dündəndir, qatısındandır, yerli maldır, əmin yerdə saxlayın. Sevimli və zərif şeylər heç vaxt var olmayıb nə işıq, nə uçuş, nə buludlardan süzülən gün şüası, nə zülmətdəki işartı, nə yuxular, nə də vədlər. Yaşam elə ölümdür, ölüm daim hən­dəvərimizdədir və amanabənddir.
Lev Tolstoy bir kərə dəhşətə yenik düşərək: “Sanki ölümlə həyat vahid varlığa çevrilmişdilər” yazmış və elə həmin andan ömrünün sonuna kimi dini inanclardan bizə bəlli olan nəhəng bir savaşa girmiş, bacardığı və bildiyi qədər, gücü yetdikcə vuruşmuşdu: “Və dan yeri ağarana qədərki zamanı kimliyi bilinməz birisi Yakovla (=Yaqubla) cəngicidalda keçirdi…” Bir dühanın İblislə savaşını seyr etmək də müdhişdir: çünki gah biri üstün olur, gah digəri…
“İvan İlyiçin ölümü” povestində biz bu döyüş alanını görürük, hərçənd kimin qalib çıxdığı bəlli olmur. Yaşamın əslində elə ölüm olduğu fikrini Tolstoy bu əsərində dönədönə təkrarlayır, bunu bizə aşılayır, beynimizə yeritməyə çalışır. Povestin sonunda onun qəhrəmanı öz ölümü sonucu dünyaya yenidən gəlir, özgürlüyünə qovuşur, altüst olmaqla işıqlı aləmə düşür, bizdən harayasa uzaqlaş­mağıyla təsəlli tapır. “Yeni sənət” isə bu «təsəlli işığa qovuşma yüksəlmə» ideyasını açıq şəkildə ələ salır və ələ saldıqca da bundan güc alır, fərəhindən yerəgöyə sığmır.
Tanrı haqda söhbət son dərəcə qəliz olduğundan buna cəhdin vəhmi ya çox ağırdır, ya da bundan asan iş yoxdur: çünki Tanrının varlığını qəbul edirsənsə, deməli, O var. Bunu rədd edəsi olsan O, yoxdur. O içi biz özümüz də daxil hər şeydir. Bizə görə isə, hər şeydən əvvəl biz özümüzük O. Çünki içimizdə durğun su kimi uyuyan Tanrı heç vaxt və heç nədə özünü bizə sırımağa ehtiyac duymur, onun bunu xatırladan uydurma obrazını isə bizə başqa adamlar təlqin ediblər. Onu axtardı­ğımızda biz əslində özümüzü araşdırırıq, ona arxa çevirəndə biz özümüzdən dönürük, onu ələ salanda isə özümüzə kinayə edirik seçim haqqı həmişə bizdədir. Axı, dehumanizasiya və desakralizasiya eyni şeylərdir.
XX yüzilin şüarı olan desakralizasiya kütbeyinlərin, istedadsızların və sıradan birilərinin seçimidir. Bu, bəzi kütlərin digər kütlərə tanıdıqları imtiyaz kimi bir şeydir, bununla onlar yerdə qalanları da hər şeyin məhz böylə olması gərəkdiyinə alışdırırlar, onlara görə hər şey yetərincə mənasız və ibtidai (guya demokratik və bəsit) olmalıdır ki, hər kəs hər şey barədə fikir yürüdə bilsin, nüfuzlu fikir adamları əlüstü meydanı tərk etməlidirlər, hamı və hər şey arasında bərabərlik (=eşitlik) işarəti qoyulduğundan “dəyərlər şkalası” dözülməz anlayışa çevrilir, sənətin dəyəri ancaq və ancaq onun gətirdiyi qazanc və doğurduğu tələbatla ölçülür.
Dırnaqarası yeniliklərdə və gündəlikdən düşməyən qalmaqallarda isə həqiqətən yeni və gerçək qalmaqallıq heç nə yoxdur: Kvadratı özünə örnək seçənlər isə əsil sənət əsəri kimi vücudlarının ifrazat məhsullarını hər dəfə bir yeni biçimdə seyirçilərə təqdim edirlər. Bu isə ona bənzəyir ki, amneziyaya (=yaddaşsızlığa) tutulmuş Adəm ilə Alçheymer xəstəliyinə yaxalanmış Həvva həm biribirlərinə, həm də öz övladlarına torpaqdan, torpaqdan və yalnız torpaqdan yaradıldıqları fikrini aşılayırlar.
***
Mən amerikan sərmayəsi ilə fəaliy­yət göstərən Rusiya fondlarından birində “çağdaş sənət” üzrə “ekspert”vəzifəsini tuturam. Vaxtaşırı bizə təqdim olunan “bədii layihələrin” gerçəkləşməsinə pul ayrılıbayrılmamasına biz qərar veririk. Bu ekspert qrupunda mənimlə yanaşı köhnə, yəni kvadrataqədərki sənətdən an­layan ustadlar çalışır. Heç birimizin kvadratı görən gözü yoxdur, çünki “öz zühuruyla dibsiz boşluğa yol açan bu ilk addımı bizlər heçə sayırıq”.
Amma bizə nədənsə ancaq və ancaq “dibsiz boşluğa yol açan” layihələr təqdim edirlər. Başqa heç nə. Əgər bizə ayrılan vəsaiti vaxtında xərcləməsək, fondumuz bağlana bilər. Fond isə kasıb vətənimizdə hələ çoxlarını yedirməyə qadirdir. Odur ki, biz, qismən məna yükünə sahib və ürəkbulandır­ma­yan təkliflərə, can dərdi də olsa, pul ayı­rı­rıq. Ötən ilki vəsaiti çayın sahilində boş çər­çivələr düzdüyünə görə bir rəssama verdik. Digər ödüllər isə Peterburq park­la­rın­da itlərin ardınca düşüb, onların nə­cis­lərini toplayan aksiya iştirakçılarına, bir də “Ya” (rusça ” Mən ” A.Y.) sö­zü­nü iri hərflərlə yazıb, ona kölgə verən bi­ri­sinə çatdı.
Builki mükafat isə çaydaş­la­rı­na marka yapışdırmaqla, onları Rusiya­nın şəhərlərinə göndərən bir qadına və sual­tı qayıqda qandan gölməçə yaradan qru­pun üzvlərinə verildi seyirçilər Abel­yar və Eloiza haqda hekayətin səsləndi­ril­di­yi özəl qulaqcıqlar taxmaqla, bu qan göl­məçəsinin içində o baş, bu başa vargəl etməliydilər. Növbəti müzakirə son­ra­sı həmkarlarımızla küçəyə çıxıb, ba­xış­la­rımızı biribirimizdən yayındırmaqla laldin­məz siqaret tüstülədirik. Sonra isə əl görüşüb, tezbazar oradan uzaqlaşırıq.
Tərcümə edəni: Azad YAŞAR
Paylaş