fikirləri gün altına sərmişəm- Əli HACI

fikirləri gün altına sərmişəm- Əli HACI

52
Paylaş

ALIHACI-PPPyaz belə tez gəlmədi…
ah çəkdim qar əridi !
burax əlimi gedim
bu gün hava sərindi.

əl,ayağım ruhumun
xeyir verməz yüküdü.
gözlərimi yum mənə,
ölüm də bir sevgidi !

yamağ gəlir bədənə
üz-gözümdə qırışlar.
dur dalımca su çilə
atam,anam qarşılar.

bu gecə çıxım gedim
yer də sən bil,göy də O.
soran olsa deyərsən
düşüb ölüb göydən o !

***

külək əsir şərq tərəfdən üstümə,
göy üzünnən gələn yağış tanışım…
min illərdi yol çəkirəm özümə
anam-giley,atam-qarğış tanışım !

fikirləri gün altına sərmişəm
quruduram içindəki yaşıni.
minilməyən,yolsuzluqla yüklənən
kəhər atın buraxmışam başını…

öz günümə isindiyim ocağı,
yerə düşən sözlərimdi yandıran.
ürəyimi hər yetənə açmadım
ürəyimi öz dilimdi yandıran.

külək əsir,yağış yağır üstümə
canım-yağış,ömrüm-külək əs yenə .
keçən günü yola verdim geyimsiz,
gələn günü bələdilər kəfənə…!

külək əsir şərq tərəfdən üstümə,
göy üzünnən gələn yağış tanışım…

Paylaş