darıxıram… Cəlil Cavanşir

darıxıram… Cəlil Cavanşir

118
Paylaş

darıxıram…

qərib, ruhsuz, avara
səs-küylü küçə, təkotaqlı ev,
bir sözlə bu dünya, bu ölkə, bu şəhər,
içimi didir…

hüznlüdür günəşin qürubu, sıxılıram.
gecələr beynimdə ac köpəklər ulaşır.
ümidim, təsəllim səhər…

günəşin işıqlandırdığı hər yerdə kədər,
hər səhər içimi didir…

hər şeyi tərsinə döndər,
darıxıram…

adamlar, maşınlar, binalar
iş yerim, yatağım, paltarım…
üzümə gülən tanışlar, fahişələr
ümidsiz, arzusuz dostlarım…
metro çıxışlarındakı dilənçilər,
küçə süpürən qadınlar…
onlar
ah, onlar…

hamının, hər kəsin üzündə kədər,
darıxıram…

mənimçün zaman dayanıb
məni tərk etdiyin vaxtı göstərir evimdəki bütün saatlar…
pəncərəmdən içəri soxulur payız
adını pıçıldayır külək,
səni yamsılayır yağışlar.
indi yanımda olsan, bir çay dəmləyərdim, içərdik…
bu soyuq otaqda birlikdə üşüyərdik…

nə olar, vaxt elə birtəhər,
darıxıram…

səhər yenicə açılıb, sərxoşam
bir viski şüşəsinin dibində gecələmişəm…
bütün sakinlərinin tərk etdiyi
qəza vəziyyətində olan ev kimi bomboşam…
səni düşünmüşəm…

məni hərdən xatırla,
yada sal, adımı çək.
bilirəm,
məni əcəlim deyil
sənsizlik öldürəcək…

heç olmasa bu yağışlı havalarda
mənə bir mesaj göndər,
darıxıram…

Paylaş