Əli Hacıdan yeni şeirlər

Əli Hacıdan yeni şeirlər

67
Paylaş

məni öldürələr sənin əlinlə
yenə də müqəssir özüm sayılam.
yatam cəhənnəmdə,cənnət versələr
üzümü sinənə qoyub ayılam !

***

bacarırsan uzağ dur,
bir yer tap,qaç uzağa.
göylərdə bulud dolub,
yerdəsə mən-yağmağa !

sən də dur gəl,İlahi…
köhnə filmi qayçıla !
bu qızın alnındakı
bəlkə düyün açıla…!

söz qayıdır üstümə
yüngülləşib çəkisi.
üzümə üz tutmuşam…
qaradandı ləkəsi !

qaç ağlını çırpginən
ölən mənim üstümə.
hisslərini boğginən
adam boğan tüstümə !

qopar əlində apar
köynəyimin yaxasın.
məni Allaha tapşır,
mənə ögey baxmasın !

***

yollar uzanıb gedər
əlim yetənə qədər.
sözüm at belindədi
dilim yetənə qədər.

at qoynuma özünü,
yurd qayırım özümü.
dərd qayırım özümü
elim yetənə qədər.

çiçək əkdin daşlığa,
su çəkmədin daşlığa !
göz verim sulamağa
selim yetənə qədər .

sözdən uca-söz özü
rəngdi içi,həm üzü …!
gərək,hər rəngə dözüm
ölüm yetənə qədər !

***

 

Paylaş