“Üzü günəşə”

“Üzü günəşə”

72
Paylaş

Yazıçı Aslan Quliyevin “Üzü günəşə” hekayəsini təqdim edirik:

Maşın dağların arasındakı dolayı şosse yoluyla ağır-ağır irəlilədikcə, yolun hər iki tərəfindəki təzəcə çiçəkləyən cökələrin, yemşanların adamı sərxoş eləyən qoxusu, sərin, saf meşə havası açıq pəncərədən içəri dolurdu. Yük ağır idi, şosse yolunda özünü hiss elətdirirdisə, torpaq dağ yollarında lap çətin olacaqdı.
Beş yaşlı qızı Yeganəni xatırlayıb gülümsədi. Bir azdan anası ilə qonşunun həyətinə su üçün gedəcəkdilər. Maşının borcunu verən kimi ilk işi su çəkdirmək olacaqdı. Başqa xərclər çıxmasaydı, bu yay borclarını da ödəyə biləcəkdi.
Bu da digər xərclər, qarşıdakı döngədə şlaqbaum qurulmuş, milislər dayanmışdı. Maşın çatanda şlaqbaumu endirdilər. Maşını yolun kənarına verib saxladı, sənədlərini götürüb düşdü. Milis maşınına söykənib dayanmış çəlimsiz, kiteli çiyinlərindən sallanan kapitan başını aşağı salmışdı, sənədləri ondan aldı, daşı hara apardığını soruşdu. Avaşa getdiyini deyəndə kapitan qaşlarını çatdı: «Ermənilərdən qorxmursan? – soruşdu və onun nə cavab verməsini gözləmədən dedi: – Sənədlərə görə beş yüz daş yükləyibsən, amma maşında azından yeddi yüz daş var. Bəlkə daşları boşaldıb sayaq?»
Aydındı, kapitan pulunu almayınca buraxmayacaqdı. İt aparan olsun, əslində də it aparır, deyə on manat çıxarıb kapitanın cibinə qoymağa cəhd elədi. Kapitan sərt bir hərəkətlə onun əlini kənara itələdi.
-Ona qatıq alıb başına sürtərsən!
-Rəi…is…
-Nə var, ə, küçük?!
-Ağzını təmiz saxla!
-Ne…ecə?! – kapitan inamsızlıqla səsləndi, qolaylanıb üzünə sillə ilə necə vurdusa, gözlərindən qığılcım çıxdı
Yumruğunu düyüb kapitanın gicgahından vurmaq istəyirdi, yalnız son anda əl saxladı. Yeganə əllərini açıb qabağına qaçırdı, uşağın gözlərində günəş işığı, sevinc, fərəh oynaşırdı. Samirə də əli qoynunda çöl qapısının ağzında dayanmışdı, bir azdan qonşunun həyətinə su üçün gedəcəkdi. Bəs borcları? Kapitanın səsi uzaqdan gəlirdi. «Get, qayıdanda danışarıq. Yumşaldaram səni. Biz sındırmağı bacarırıq!»
Təhqir olunmuş, alçalmış halda maşına doğru gedir, qaynayıb daşan nifrətini, qəzəbini güclə boğurdu. Gərək borclu qalmırdı, qaldırırdı o iti başı üstə, çırpırdı maşına!
Maşını yerindən tərpətdi, yol yoxuşa dirəndiyindən maşın aşağı sürətlə irəliləyirdi. Hə, qardaş, maşınla dərdləşirdi, gördün də, alçağın, sümsüyün birisi mənə əl qaldırdı, alçaltdı məni, ancaq dinə bilmədim.
Qarşıda yeni şlaqbaum göründü, bu nəydi? İki-üç ay bundan əvvəl bura bir həftə daş daşımışdı, onda yollarda bircə dənə də olsun şlaqbaum yox idi. Rayonu kimdən qoruyurdular?
Bu dəfə cavan leytenantın nə deməsini gözləmədən onun cibinə on manat saldı. «Yaxşı yol, -leytenant onun nə qədər pul verdiyinə baxmadan dedi və arxadan onu səslədi. – Canından doyubsan? O yollarda indi ermənilər at oynadırlar. Beş daşdan ötrü özünü niyə güdaza verirsən?» «Daşdan ötrü yox, – ürəyində dedi, – puldan ötrü».
Yoluna davam elədi, yenə maşınla danışır, dərdləşirdi. Öz yollarımızda addımbaşı şlaqbaum qururlar, bizləri sındırmaqları ilə fəxr eləyirlər! Silahları, maşınları, adamları, di gəl, quldurlardan qorxurlar.
Rayon mərkəzinə çatmağa bir qədər qalmış maşını şosse yolundan döndərdi, torpaq yollar başlayırdı. Çaya rahat düşdü, ancaq çayı keçib yoxuşu qalxanda maşın yolun ortasındakı bulanıq sulu gölmədə batdı. Maşın eşir, eşdikcə də, dərinə otururdu. Matoru söndürüb yerə düşdü, palçıqlı gölməyə baxanda bü yüklə maşını burdan çıxara bilməyəcəyini başa düşdü, daşın yarısını boşaltmalıydı. Köynəyini çıxarıb, bana qalxdı. Arxa tərəf gölmə idi, lilli sular daşıb yolu basmışdı, daşları banın yan tərəfindən çəmənliyə boşaldırdı. Belə olduqca çətin idi, daşları üzü yuxarı atırdı. Daşlar bir-birinə pərçim olmuşdu, hər daşı yerindən çıxaranacan barmaqlarının ucu yeyilirdi. Bədənindən sel-su axır, üst-başından buxar qalxırdı. Əlləri tozlu olduğundan gözünə axan yandırıcı təri silə bilmirdi.
Üç yüz daşı boşaldandan sonra tamam yoruldu, ayaq üstə qala bilmir, qıçları əsirdi. Dincini alıb, kabinaya qalxdı, matoru işə saldı, maşını çətinliklə də olsa gölmədən çıxara bildi.
Maşın ağzı yoxuşa qaldığından bu dəfə daşı lap hündürə atmalıydı. Bir qədər atır, bana qalxır, daşları səliqə ilə düzüb yerə sıçrayır, təzədən atırdı. Ona elə gəlirdi bu işin sonu yoxdu, nə qədər atsa da, daş qurtarmayacaq. Hər dəfə daşı yuxarı atanda başı üzərində bir parça mavi səmanı, mavi səmada süzən çalağanı görürdü. Sonuncu daşı atıb qurtarandan sonra arxası üstə çəmənliyə uzandı, dözülməz istiyə, yandırıcı günəşə baxmayaraq bir müddət ayağa qalxa bilmədi. Çalağan hələ də başı üzərində süzür, sanki ona tamaşa eləyirdi.
Sabun, paltar götürüb çaya getdi, paltarlarını yuyub sahildəki böyürtikan kollarını üstünə sərdi. Özü də möhkəmcə yuyundu, su təkcə toz-torpağını yox, yorğunluğunu da yuyub aparırdı. Sudan çıxıb qurulandı, paltarları hələ nəm idi, ancaq nəm paltarları geydikcə bədəninə dinclik, rahatlıq yayılırdı.
Yolçu yolda gərək, deyərək yenidən kabinaya qalxdı, yük ağır olsa da mator aramla uğuldayır, maşın nərildəyərək yoxuşu qalxırdı. Başını kabinadan çıxarıb fit çalır, yolun qırağındakı fıstıq, cökə kollarının xoş qoxulu yarpaqları üzünə, saçına sürüşüb keçirdi.
Döngədən burulub üzüyuxarı qalxanda təkərlər daşların üstündənmi sürüşdü, yükmü ağırladı, maşının arxası yoldan çıxıb göylüyə düşdü və sürüşməyə başladı. Uzağı iyirmi-otuz metr aşağıda uçurum idi. Qızıyla Samirə gözünün önündə donub qalmışdılar. Son anda düşünürdü ki, bir halda belə olacaqdısa, niyə o çəlimsiz əclafı cəzasız buraxdı? Əyləci yüngülcə sıxıb buraxır, sürəti azacıq da olsa azaltmaq istəyirdi. Qardaş, hara gedirsən, maşina deyirdi, orda ikimizin də sonu olacaq.
Uçurumun üstündə beş-altı metrlik yerdə göylük qurtarırdı, yer daş-çınqıl idi, maşını ancaq orda saxlaya bilərdi. Qapını açıb tullana, özünü xilas eləyə bilərdi, ancaq bunu ağlına da gətirmirdi. Bu maşını özünə dost, yol yoldaşı bilirdi, dostlarını darda qoyduğu olmamışdı. Bəlkə maşın dayanacaqdı, xilas olacaqdılar. Dayanmayacaqdısa, birlikdə gedəcəkdilər uçurumun dibinə. Arxa təkərlər göylükdən çıxıb daşlığa girən kimi, Allahım, özün kömək ol! – deyə əyləci buraxıb, təzədən axıra qədər sıxdı, əl əyləcini də dartdı. Maşın ləngər vurub dayandı. Geri baxdı, arxa təkərlə uçurumun arasında ancaq bir metr məsafə olardı, maşının burda, belə ağır yüklə dayanması möcüzəydi.
Ehtiyatla yerə düşdü, yaxınlıqdan iki iri daş gətirib, arxa təkərlərin altına qoydu, beli götürüb yola kimi göy otluğu qazmağa başladı. Torpaq daşlı olduğundan qazmaq çətin idi, daşlara toxunan bel cingildəyir, ağzından qığılcım çıxırdı. Təsadüfün həmişə olmayacağını başa düşürdü, təkərlər bir də göylüyə düşüb sürüşsəydi, maşını saxlaya bilməzdi.
İşini qurtarıb kabinaya qalxdı, su içib, siqaret yandırdı, bir qədər dincini alıb, matoru işə saldı. Təkərlər daş üstə möhkəmcə otursunlar deyə ehtiyatla maşını azacıq arxaya buraxdı. Tələsmək olmazdı. Yalnız səbrlə, ustalıqla burdan çıxa bilərdi. Maşını yerindən tərpətdi, arxada gurultu eşidildi, təkərlərin itələdiyi daşlar uçuruma düşürdü. Bütün diqqətini toplamışdı, yoxuşu birinci sürətlə qalxırdı, maşın nərildəyir, qarış-qarış da olsa yola doğru irəliləyirdi. Nəhayət yola çıxa bildi, döngəni burulub qalxandan sonra tamam arxayınlaşdı, dərindən, sinə dolusu nəfəs aldı. Şükr sənə, Allahım, dedi, məni darda qoymadın.
Yoxuşu qalxıb düzənliyə çıxandan sonra tamam arxayınlaşdı. İndi yol dolayı da olsa, maşın sürətlə irəliləyirdi.
Bu da erməni kəndi. Görəsən milislərin dedikləri doğru idimi? İlin-günün bu vaxtı necə qaçaq-quldurluq eləyə bilərdilər? Kəndin küçələrində sakitlik idi, kimsə gözə dəymirdi, adamda elə təsəvvür yaranırdı ki, kənddə heç kim yaşamır. Kənddən çıxanda yolun kənarında dayanan iki nəfər silahlı adam gördü. Maşın yaxınlaşanda avtomatları ona tərəf tuşlayıb saxlaması üçün işarə verdilər. Saxlamalıydı. Yük olmasaydı bəlkə də sürüb aradan çıxa bilərdi, ancaq belə ağır yüklə heç hara gedə bilməzdi.
Maşını yolun kənarına verib saxladı. Quldurlardan biri maşının qabağına keçdi, o birisi isə kabinanın iki-üç addımlığında dayanıb azərbaycanca soruşdu:
-Türksən?
-Hə, – dedi.
-Düş, alçaq!
-Niyə?
-Yolun sonuna gəldin! – quldur ləzzətlə gülürdü. – Ara, mənzil başına çatdın!
Mübahisə eləmədən yerə sıçradı. Qabaqdakı quldur da onların yanına gəldi, hər ikisi hərbi geyimdəydilər, üzləri tüklüydü, gözlərindən kin, amansızlıq yağırdı. Qərargaha getməliyik, dedilər. Heyrət içindəydi, demək, bunların qərargahı da var imiş.
Qarşıdakı evə doğru gedirdilər, quldurların biri sağıyla, biri də soluyla gedirdi. Ora getmək olmazdı, neyləməliydisə, burda eləməliydi. Quldurlar gənc idilər, yəqin təcrübəsizdilər, silahı əllərində çomaq kimi saxlayırdılar. Avtomatların lülələri böyrünə toxunurdu, Ani bir hərəkətlə lülələrdən yapışıb necə dartdısa, oğlanlardan biri avtomatı əlindən buraxıb ağzı üstə onun ayaqlarının altına sərildi. O birisi isə görünür belə şeyi gözləyirmiş, avtomatdan yapışıb buraxmırdı, avtomatın qundağı ilə quldurun qarnından necə vurdusa, quldur iki əlli qarnından yapışdı. Hərəsinə avtomatın qundağı ilə üç-dörd dənə də vurdu, tezliklə qərargaha xəbər verə bilməyəcəkdilər.
Avtomatları arxa oturacağın altına atıb, matoru işə saldı. Hə, gedək, qardaş. Apar məni, maşına deyirdi, öldürə bilmədilər, qabağımızı kəsə bilmədilər! Aşdıq bunların bəndini, irəli gedək, öz torpaqlarımıza! Maşın sürət götürdükcə güzgüdə arxaya baxırdı. Quldurların hələ də yolun kənarında uzanmışdılar.
Kənddən bir qədər uzaqda, yolun kənarında cavan bir oğlanın dayanıb əl elədiyini gördü. Buralar azərbaycanlılar yaşayan kəndlərin ərazisi idi, oğlan yəqin yuxarı kəndlərə gedirdi. Saxlayıb oğlanı da götürdü. Tanış oldular, oğlanın adı Səməd idi, onun erməni kəndindən keçib gəldiyinə inana bilmirdi. Həqiqətən erməni kəndinin içindən keçdiyini, hələ bir ermənilərdən iki avtomat da aldığını öyrənəndə kefi kökəldi. Avtomatlardan heç olmaya birini bizə ver, deyə xahiş eləyirdi. Silah bizə havayla su kimi lazımdı, üstümüzə topla, tüfənglə gəlirlər, bizsə qabaqlarına quşvuranla, sapandla çıxırıq. Kəndlərdə bir dənə tüfəng yoxdu, hamısını yığıblar. Etiraz eləməsə də, razılıq da vermədi, avtomat özünə də lazımdı, hələ bu yolları çox gedib gələcəkdi.
Oğlan rayon mərkəzindən gəlib, bu yerləri gəzir, adamların vəziyyətini dolanışıqlarını, ermənilərlə necə keçindiklərini öyrənmək istəyirmiş. Qardaş, şikayətlənirdi, adamları taleyin ixtiyarına buraxıblar, nə dövlət, nə xalq sahib çıxmır. Belə getsə uzağı beş-altı aya buralarda bizimkilərdən bir nəfər də qalmayacaq.
Avaşda daşı tanış adama verib pulunu aldı, kişi fikirliydi, ay oğul, deyirdi, tikirəm, amma ara qarışır, qorxuram bizləri burdan qovalar, tikdiklərim də qala ermənilərə. Kişiylə vidalaşıb geri qayıtdılar. Səməd yenə də danışır, fikirlərini onunla da bölüşmək istəyirdi, ancaq onun qulaq asmadığını, fikirli olduğunu hiss eləyib:
-Sənə bir işmi olub? – soruşdu.
-Yolda milis… – sözünü axıra kimi deyə bilmədi.
-Döydü?
-Yox, sındırdı.
-Onlar hamımızı sındırırlar.
Oğlan kəndi dolanıb keçməyi təklif edirdi. Razılaşmadı, hardan gəlmişdisə, ordan da gedəcəkdi, özü də təkcə bu gün yox, hər gün! Kəndə çatmağa az qalmış maşını saxladı, avtomatın birini Səmədə verdi, birini də özü götürdü. Səməd tərifləyirdi, əla şeydi, bəlkə də heç bundan atəş açmayıblar.
-Avtomatdan atıbsan? – Səməddən soruşdu.
-Mən döyüşçüyəm, Səməd qürurla dedi.
-Lap yaxşı, – razılıqla dilləndi. – Elə bilirəm öhdələrindən gələrik.
Artıq qaranlıq düşdüyündən işıqları yandırmışdı, kəndin içindən sürətlə, saxlamadan keçib getmək istəyirdi, ancaq bayaq quldurların qərargah dedikləri evin qarşısında yolu kəsmiş, yolun ortasına köhnə kabina, iri daşlar düzmüşdülər. Maşını saxlayıb işıqları söndürdü.
-Düşürük, – dedi, – gözün o binada olsun, ordan atəş açsalar, cavab ver.
-Yaxşı, – Səməd pıçıltıyla dedi.
Qapıları açıb ehtiyatla düşdülər, işıqları söndürdüyündən ətrafa zülmət qaranlıq çökmüşdü, onları görə bilməzdilər, ancaq yəqin açılan qapıların səsini eşitdilər. Qərargahın həyətindən atəş səsləri eşidildi, güllələr qaranlıqda işıq saçaraq çovuyur, maşının şüşələri qırılıb başına tökülürdü. O heç özünə gəlməmiş, yandan atəş açıldı, Səməd cavab atəşi açırdı, əhsən, zirək oğlanmış, özünü itirmədi. Həm də atəşi sərrast oldu, qərargahın həyətindən bağırtı eşidildi və həyətdən daha üç-dörd yerdən atəş açmağa başladılar. Güllələrin işığına görə hardan atəş açıldığını müəyyən eləyib, o da cavab atəşi açdı. Həyətdəkilər yenə də itki verdilər, kimsə qışqırır, inildəyirdi. Quldurlar atışmaya bir qədər ara verdilər, onlar da sürünüb daşların arxasında, daha etibarlı yerdə gizləndilər. Sükutu yenidən həyətdən açılan atəş səsləri pozdu, indi təkəm seyrək atəş açırdılar, cavab atəşi açaraq evə doğru süründülər. Elə bu vaxt təsadüfi güllə sağ tərəfindən dəydi, ağrı hiss eləmədi, ancaq qarnına, ordan da qıçına doğru axan isti qana görə yaralandığını başa düşdü. Yarasının ağır olmadığını başa düşürdü, yəqin güllə böyrünü yalayıb keçmişdi. Çəpəri aşıb həyətə keçdilər, quldurlardan cəmisi ikisi sağ qalmışdı, onlar da beton hasarın arxasında gizlənib qarasına atəş açırdılar. Güllələrin işığı onların yerini aydın göstərdiyindən yaxın məsafədən atəş açıb hər ikisini öldürdülər. Yerdəki avtomatları yığdılar, dörd avtomat var idi.
Geri qayıdıb yolu təmizlədilər və yollarına davam elədilər. Qabaq şüşələri güllə qırıb tökdüyündən külək üz-gözünə vurur, nəfəs ala bilmirdi. Bu qədər çətin, əzablı yolu havayı gəlmişdi, daşa görə aldığı pulla heç şüşələri düzəltdirə bilməyəcəkdi. Hə, qardaş, maşına deyirdi, ikimiz də yaralandıq, mənə də güllə dəydi, sənə də, amma qorxusu yoxdu, sağalacağıq. Sənə əvvəlkindən də yaxşı şüşə alacağam.
Kənddən xeyli aralanandan sonra maşını saxladı, faraların işığında avtomatdan bir patron götürüb, dəmirkəsən kəlbətinlə kəsdi, barıtı maşın yağına qatıb yarasına sürtdü, Əfqanıstanda yaralananda bu üsuldan istifadə eləyirdi. Yandırıcı ağrıdan ürəyi göynəsə də, səsini çıxarmadı, ağrı gec də olsa keçirdi. Aptek qutusundan sarğı götürdü, Səməd də kömək elədi, yarasını möhkəm sarıyandan sonra maşına qalxdılar. Artıq qan dayanmışdı, ağrı da azalmışdı. Yolunun üstündəki qəsəbədə maşına şüşə qoşdurmalıydı, qanaxması yenidən başlasaydı, xəstəxanaya gedib yarasını sarıtdırardı. Özünə təzə şalvar, köynək də almalıydı, yaralandığını qızından gizlətmək istəyirdi.
Səmədi şosse yolunda düşürtdü, avtomatların beşini ona verdi, mənimçün biri bəsdi, dedi, amma siz gündə bunlarla olursuz, lazımınız olar. Səməd necə təşəkkür eləyəcəyini bilmirdi.
Dönüb şəhərə doğru istiqamət götürəndə yarasından yenə də qan axdığını hiss elədi, isti qan qıçına, ordan da ayaqqabısının içinə axırdı. Yara üzdən idi, təcrübədə sınanmış üsulla sarımışdı, bəs niyə qan verirdi? Nəyisə qarışdırmışdı, ya barıt zəhərli idi, nə biləsən. Bu vəziyyətdə şəhərə gedə bilməyəcəkdi, yol üstü qəsəbələrdən birində mütləq xəstəxanaya dönməliydi. Hə, qardaş, ikimiz də həkimlik olduq, maşına deyirdi, sən öz həkiminə, mən də özümünkünə. Narahat olma, ciddi heç nə yoxdu, müalicəmiz uzun çəkməz. Bütün çətinliklər arxada qaldı.
Bu da şlaqbaum, leytenant gülümsəyərək ona əl elədi, qırılmış şüşələri göstərib başını yırğaladı. İkincidə isə şlaqbauma çatmağa xeyli qalmış şlaqbaumu endirdilər. Maşını saxlayıb düşdü, yarasından axan qan ayaqqabısının içinə dolmuşdu. Yeridikcə qan fırçıldayır, yarası göynəyirdi. Bircə tez qurtarsaydı, özünü xəstəxanaya çatdıra bilsəydi. Cəhənnəm olsun, nə istəsə verəcəkdi, təki bu həyasız adam ondan əl çəksin. Bu dəfə kapitan özü onun qabağına gəlirdi.
-Satdın? – qısaca soruşdu.
-Hə.
-Payını da veriblər.
-Onlar da cavabsız qalmadılar, – ağrılarını biruzə vermək istəmirdi.
-Bizim də cavabımızı verəcəksən?
– Rə…is…
-Nə var, ə, nakişi! Nə gözlərini bərəldirsən?
Başından dəyən yumruq kapitanı yumalayıb milis maşınına çırpdı. Yubanmadan maşına qaçdı. Matoru işə salan kimi də maşını yerindən tərpətdi. Burdan uzaqlaşmaq lazım idi. Gedək, qardaş, maşına deyirdi, apar məni! Quldurlardan qurtardıq, namərd adamlardan da qurtaraq! Arxadan atəş açırdılar, gözlədiyinin əksinə olaraq atanlar təcrübəliydilər. Maşın ləngər vurdu, güllə təkərə dəymişdi, sükanı əlində saxlaya bilmirdi, az qala maşın yoldan çıxıb aşağıdakı dərəyə yuvarlanacaqdı, daha gedə bilməzdi.
Hə, qardaş, maşını saxlayıb, başını sükanın üstünə qoyaraq dedi, bizimki bura qədərmiş. Mənzil başına çatdıq.
Bir azdan milislər maşına qalxacaq, maşını, üst-başını axtaracaqdılar. Qanun keşikçisinə vəzifə başında əl qaldırmaq, qanunsuz silah gəzdirmək. İlahi, qarşıda onu nələr gözləyirdi?
Qızı gəlirdi gözləri önünə. Alnına azərbaycanlı taleyi yazılmış, yüzlərlə, minlərlə uşaqdan biri olan balaca qızcığaz əllərini göyə açmışdı, cözlərində sevinc, fərəh, günəş şüaları oynaşırdı. Qızcığaz üzü günəşə doğru qaçırdı…

 

“Ulduz” jurnalı

Paylaş