ƏSA teatrında bir gün

ƏSA teatrında bir gün

95
Paylaş
Məhəmməd Talıblı
Teatr  insitutu  aktyor  yetişdirmir,  əsl  aktyor  səhnədə  yetişir.
Stansilavski
ƏSA teatrının aktyorları İncəsənət Universitetininin məzunları deyillər. İnanıram ki, Stanislavskinin söylədiyi kimi onlar aktyor kimi səhnədə daha yaxşı yetişəcəklər. Onların aktyorluq ixtisası üzrə ali təhsil almaq üçün fiziki məhdudiyyətləri mövcuddur. Məlumatı nisbətən az olanlar üçün bildirim ki, ƏSA teatrı fiziki məhdudiyyəti olanların formalaşdırdıqları yeni qurumdur. Teatrın aktyoru Orxan Adıgözəllinin tamaşaya dəvətini məmnuniyyətlə qəbul etdim. Dünən “DUMB”a həyat yoldaşımla birgə tamaşa etdik.
“DUMB” tamaşasında Orxan Adıgözəlin monoloqunu xüsusuilə daha çox bəyəndim. Monoloq məzmun yükü zəngin idi. Dəlixanalarda hətta ağlı başında olan insanın dəli həddinə çatdırma səhnəsi gerçəkliklərimizi daha dəqiqliklə ifadə etdi. Ağlı ilə əksəriyyətə nümunə olacaq çox insanı rəsmi göstərişlə dəlixanaya göndərilməsi Azərbaycan üçün istisna yox, kütləvi haldır.Bu eybəcərliklər qamçılanırdı. Olum və ölüm dilleması, ruhi həyacanlı insanların davranışların idarəolunmazlığı, azad insan ruhu, intim tələbatın doğurduğu faciə və dində tövbə mövzusu tamaşanın əsas leytmotivləri idi. Monoloq formasında olan 4 səhnələrdə üsyankarlıq və qaranlıqlara boyun əyməmək əzmi açıq hiss olunurdu. Məni tamaşada diqqətimi çəkən cəmiyyətdə çox ciddi narahatlıq doğran problemlərin siqnallarını çox dəqiqliklə ifadə etmə tərzləri oldu. “Mədəniyyət məhdudiyyət tanımamalıdır” prinsipini rəhbər tutan aktyorlar cəmiyyət həyatının qaranlıqlarında ilişib qalmış elə rəzalətləri dərinliklərdən çıxarıb göstərdilər ki, onun dərki üçün dərin dərrakə tələb olunur. Demək, dərk etmək qətiyyən fiziki məhdudiyyətlə yox, əqli məhdudiyyətlərlərlə bağlıdır. Aktyorlardan birinin ifadə etdiyi kimi, həqiqətən əlillik xəstəlik deyil, bu insan müxtəlifliyinin bir formasıdır.
Təbii ki, ƏSA teatrının heyəti yarı əsrlik səhnə təcrübəsi olan aktyorlar və rejissorlar deyildilər. Hər şeyin əla olduğunu söyləyəcək qədər nə mən yalanlar uydurmağı özümə yaraşdıraram, nə də aktyor dostlarım elə yalançı tərifin lüksünü yaşayarlar. Çünki, onların belə bəlağətli sözlərə ehtiyacları da yoxdur. Axı, gerçəyi söyləyən dostların gücgüyə ehtiyacları olmur… Ona görə, bizi təkmilləşməyə götürəcək kiçicik tənqidi qeydlərimi də bölüşməyi vacib bildim. Münasibətlərimizə rəng qatan təkcə, tərif deyil, həm də tənqiddir. Sağlam münasibətlər hərtərəfli və tarazlı olmalıdır.
Təbii ki, səhnələşdirilmiş monoloqlar çatışmazlıqlardan xali deyildi. Xüsusisilə monoloqlardakı ifadə tərzləri, jarqonlar və vulqar ifadələrin təkrarçılığını islah edilməsin arzu edərdim. Ən gözəl bədii əsərlər haqqında belə bir dəyərli fikir var: “O əsər gözəl əsər sayılır ki, həmin kitabı bacının yanında rahat oxuya biləsən.” Mən isə həmin fikri teatr haqqında belə deyərdim: “Gözəl taşama o tamaşadır ki, onu həyat yoldaşınla və qızınla rahatca izləyə biləsən.” Bu mənada biz homosapien və modern insan deyəndə, hər fikri çılpaqlığı və sərt üslubda çatdıran insanı yox, faciələri açıq deyən və insanın həyatının özünəməxsus sirlərini və yaşantılarını nəzakət pərdəsinə bükərək təqdim etmək qabiliyyəti olanı qəbul edirik.
Bu qədər insan ruhundakı sarsıntıları hətta çətinliklə oynayan dostlarımızın əzmkarlığıan heyran qaldım. Düşüncələrinə və vətəndaş mövqelərinə də bələdəm. Bədən üzvləri yerində olan biz insanların xeyli əlil tərəflərimiz var. Lakin bunlar gözlə görünməzdir. Beynimizdə rasional düşüncə itib, humanist dəyərlərimiz deformasiyaya uğrayıb, mərhəmət hissimiz kortalaşıb, zülmə məruz qalanın  üzülmüş yükünün altına çiyin vermirik, ac yatan qonşumuza tikəmizi bölməyi unutmuşuq, millətin başını uca etmək əzmkarlığını beynimizdən silmişik və s. Əslində bütün əzalarımız yerində halda əqli əlilliyimizin faciəsini yaşayırıq. Lakin, fərqində deyilik.
Allah bizi guya fiziki qüsursuz olaraq əta edib. Amma bütün bu anadangəlmə “üstünlük” həyatda qazanılan üstünlüyə çevrilmir. Fiziki imkanı yerində olan belə çox milyonlu insanlar özündə  heç bir ictimai faydalılığını ehtiva etmir. Əl-qolumuz olduğu halda heç kimə qol-qanad verə bilmirik. Amma özümüzü əli-qolu olanlar sayırıq. Amma fiziki məhdudiyyəti olanların çoxları bizlərə əl-qolumuzun olmasını utandıracaq nümunələr yaradırlar. Gənc aktyorlardan olan Muradın bu yaxınlarda nəşr etdirdiyi “Uğur xəritəsi” belə uğurlu örnəklərdən  sayılmalıdır.
Mən şəxsən əlil sözünü tam mənasında qəbul etmirəm. İnsanın hansısa sahədə məhdudiyyəti ola bilər. Fiziki məhdudiyyəti olduğu kimi, əqli məhdudiyyəti də ola bilər.Söhbət hər hansı bir sahədə məhdudlaşdırıcı amillərin mövcudluğundan gedir. Bu məhdudlaşma fikizi olduğundan daha çox, əqlidir. Cəmiyyətimiz geriyə atan belə nöqsanlardan biri onları görüb, lakin aradan qaldıra bilməməsi ilə bağlıdır.
Bu ölkədə o qədər bütün əzaları yerində olan əqli problem olan çoxsaylı məmur və idmançı var. Hansı ölkədə yaşadığını əqilləri ayırd edə bilmir. Ağlı hansı dəyərlərin vacibliyini dərk edə bilmir. İdrakı oğru ilə doğrunu biri-birindən fərqləndirə bilmir. Demək, qüsur dediyimiz nəsnə fiziki anlamda yox, daha çox əqli anlamda qavranılmalıdır. Çünki, biri anadan gəlmə, digəri həyatda qazanılmadır. Anadangəlmə qüsur deyil, taledir! Biz valideynlərimizi seçə bilərdikmi? Biz hansı ölkədə doğulduğumu müəyyənləşdirə bilərdikmi? Əlbətdə, xeyr! Amma həyatda nail olduqlarımızı dəyişdirə bilərik. Və dəyişdirə bilməliyik! Əlimizdə olanı dəyişdirə bilmiriksə, ən böyük əlillik bu deyilmi? Bizə bütün əzaları sağlam əta etmiş Tanrı bütün bunlara layiq olmayanda daha böyük günaha batmırıqmı? Bizi günaha batıracaq orqan, bizi günahlardan uzaqlaşdıran orqandan daha təhlükəli deyilmi?. Çünki, biri uzaqbaşı bizə problem yaradar, digəri bütün cəmiyyətin inkişafı yolunda şlaqbauma çevrilər. Fərq ortada və dərk olunandır.
Bütün aktyor heyətin təbrik edirəm! Bu qədər gərgin həyat fonunda bizə maraqlı və xoş bir bazar günü yaşatdılar!
Paylaş