Kimi dindirirsən, ruh düşkünlüyü, qanqaraçılıq

Kimi dindirirsən, ruh düşkünlüyü, qanqaraçılıq

78
Paylaş
İctimaiyyətimizin başı Rusiyanın xarici işlər nazirinin Qarabağ bəyanatına, ABŞ prezidentinin andiçmə mərasiminə qarışan vaxt mən Bakının ətrafında gəzintiyə çıxdım, xeyli gəzdim, necə deyərlər, burdan vurub ordan çıxdım.
İndi istəyirəm müşahidələrimi sizinlə bölüşüm…
Belə hesab olunur ki, sənət növləri arasında insana ən yaxın olanı memarlıqdır. Çünki istəməsən sərgiyə, muzeyə, teatra getməzsən, istəməsən poeziya, proza oxumaz, filmə baxmazsan, amma istəsən də, istəməsən də, sən bir məkanda yaşayırsan, bir küçəyə çıxıb gəzirsən, şəhərdə, qəsəbədə və ya kənddə ömrün keçir, – o məkanı memar dizayn edib.
Yaşadığımız şəhərin arxitekturası, küçəmizin, evimizin necə tərtib olunması psixologiyamıza güclü təsir edir.
Bir memar dostumuz deyir ki, Bakıda adamlar 28 May metrosundan çıxıb gəzə-gəzə İçərişəhər metrosuna qədər piyada gedirlər, heç yorulmurlar, əslində o, uzun məsafədir.
O uzunluqdakı məsafəni şəhərin başqa bir yerində, Əhmədli və ya Yeni Yasamalda piyada qət etmək adama çox çətin görünür, amma şəhərin mərkəzində “uf” demədən uzun məsafələri piyada qət edirik.
Məhz memarlıq, məkanın necə tərtib olunması bizim üçün bir uzun yolu maraqlı və asan edir, həmin uzunluqdakı başqa bir yolu isə maraqsız və çətin.
Bakının ətrafında xeyli hündürmərtəbəli yeni yaşayış binaları tikilib. Bunları bir-birlərinə o qədər yaxın tikiblər ki, birini ölçdüm, arada düz dörd addım, yəni dörd metr məsafə vardı.
Başımı qaldırıb gördüm ki, eyvanları bir-birinə ondan da yaxındır, üzbəüz binalarda yaşayan kişilər səhər-səhər çıxıb bir-birinə eyvandaca əl verə bilərlər.
Şəhərsalma prinsiplərinə görə, yaşayış binaları arasındakı məsafə onların hündürlüklərinin cəmindən 1,5 dəfə böyük olmalıdır, ən pis halda onların hündürlüklərinin yarısı qədər olmalıdır.
Bu normanı bu dəqiqə Memarlıq və İnşaat Universitetinin bir memarlıq professoruna zəng edərək soruşdum, sizin üçün.
Kiril əlifbasının “П” hərfi indi Bakıda ən populyar quruluşdur. Tikinti şirkəti kiçik bir ərazini satın alır, o ərazidə maksimum çox mənzil tikib pul çıxarmaq üçün ən optimal quruluş П hərfli həyətdir.
“П” və “CC”
Üç tərəfdən bir-birinə yaxın binalar qaldırılır, bir tərəf məcburiyyət qarşısında açıq saxlanır, çünki sakinlər də haradansa həyətə girib-çıxamalıdırlar.
“П” dedim, yadıma düşdü, Bakıda “CC” hərfləri formasında qövsvari köhnə sovet doqquzmərtəbələri tikirdilər o vaxt, səmada vertolyotla uçanda rus dilində “Sovetskiy Soyuz” sözlərinin baş hərflərini görüb fərəhlənsinlər deyə.
Bundan sonra vertolyotla uçanlar isə çoxlu “П” hərfi görəcəklər.
O vaxt bir söhbət də dolaşırdı ki, guya Stalin Moskvada Kremlin qarşısındakı bütün evləri sökdürüb, deyib, gərək pəncərədən baxanda fikrimə heç bir maneə olmasın.
Bizim zavallı kiçik insanlar da həyat yaşayırlar. Evinin içində mahnı oxuma ki, üzbəüz binada eşidilməsin, pəncərədən baxma ki, qarşıda qonşunun pəncərəsi var. Hələ bunun fövqəladə hallar baxımından təhlükəli tərəfləri var.
Charles Jencks adlı bir arxitektor var, həm də postmodern memarlıq haqda monumental kitablar yazıb.
Kitablarında inkubator yumurtalarına oxşayan kütləvi binalar arxitekturasını universal çözümlərə meylinə görə, məzmuna, sakinlərə və spesifikaya nifrətinə görə tənqid edir.
O deyir ki, bu cür binaların memarları real insanlar üçün yox, hansısa Mifik Müasir İnsan üçün layihə çəkirlər. Onun öz təklif etdiyi arxitektura isə binalarda yaşayacaq insanları, onların ənənələrini, həyat tərzini nəzərə alır.
1960-cı illərdən başlayaraq bir sıra şəhərlərdə kabinetdə oturub çertyojunu çəkən memar anlayışı öz yerini binanın gələcək sakinlərilə məsləhətləşən memara verib, yəni binanın layihəçisi gələcək sakinlərin özləri olur, onların fikrini soruşurlar ki, ay tikəcəyimiz bu binada ömrü boyu yaşayacaq insan, cəmi bir eyvan imkanımız var, sənə o eyvanın evin hansı otağında olması xoşdur.
Məşhur arxitektor Ralphs Eskine ilə müqavilə bağlayırlar ki, İngiltərənin New Castle şəhərində böyük kvartallar salsın, o, müqaviləsini bağlayandan sonra sakinlərin xarakter və adətlərini öyrənmək üçün gedib bir müddət onlarla birlikdə yaşayır, sakinlər öz qonşularını və layihəni özləri seçirlər.
İndi də “Byker Wall” kvartalları həmin şəhərdə qalır. Belə bir arxitektura plüralizmi.
Yəni memar sifarişçiyə, sakinə öz peşə iradəsini sırımır, əksinə, insanla dialoqa girir.
Camaat deyir ki, bizdə kütləvi binalar tikən şirkətlərin marağı ancaq balaca torpaqda çoxlu sıx beton ağacı ucaltmaq, tezbazar pul qazanmaqdır, nəzarət yoxdur.
Əgər camaat düz deyirsə, çox heyif. Amansız kapitalizmin paytaxtı olan şəhərlərdə də heç belə iş görmürlər. Nəticədə kimi dindirirsən, ruh düşkünlüyü, qanqaraçılıq, fikir darlığı.
Astarada bir ədəbiyyat müəllimi varmış, 11-ci sinifdə şagirdlərindən soruşub ki, kim olmaq istəyirlər. Şagirdlər cavab veriblər ki, müəllim, hüquq fakültəsinə girmək, sonra prokuror olub çoxlu pul qazanmaq istəyirik.
Müəllim onları gətirib dəniz kənarına, söhbət Xəzər dənizindən gedir, deyib, oğlum, dənizə baxın, dəniz kimi geniş düşünün.
Nərmin Kamal
 
BBC Azeri
Paylaş