“Əsa” teatrı haqda fikirlərim

“Əsa” teatrı haqda fikirlərim

83
Paylaş

Azərbaycan ərazi bütövlüyünü bərpa etmədiyi üçün özü bu dəqiqə fiziki məhdudiyyətli (əlil) dövlət kimi bir şeydir. Bu mənada, əlillərimizin yığışıb Bakıda “Əsa” adlı teatr yaratması hər mənada həm simvolikdir, həm də hörmətə layiqdir. O işi ki, dövlət görməlidir, bu adamlara şərait, yaşamaq üçün, öz yaradıcı potensiallarını ortaya çıxartmaq üçün imkanlar yaratmalıdır – onu əlillər özləri ediblər.

Mən srağagün həmin bu “Əsa” teatrının ifasında “DUMB mərhələsinin əsasları” tamaşasına baxdım. Xəzər Universitetinin tamaşa salonunda. Orda deyildi ki, tamaşaya universitetin salon ayırmasından başqa, bir xarici təşkilat da nəsə yardım edibdir. Bundan qabaqkı abzasa qayıdıb yazıram: niyə bu işləri dövlət özü eləməsin? Məncə hələ gec deyil – “Əsa” cəmi 2 tamaşa qoyubdur. Qoy dövlət qurumları – konkret yazsam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi bu teatrı himayəyə götürsünlər, hətta buna dövlət teatrı statusu verilməlidir! Nə qədər fiziki məhdudiyyətli və evlərdə zindan həyatı yaşamağa məcbur insanımız üçün bu, əla imkan olardı. Teatr oynayardılar, başqa əlilləri də bu tamaşalara aparıb göstərərdik. Məncə bu teatrın dövlət himayəsinə götürülməsi üçün çox da böyük pul lazım deyil, hətta AYB və Anara ayrılan, faktiki quma tökülən su kimi itib gedən dövlət pullarının onda biri qədər pul bəs edər. Vaqif Bəhmənlinin sözüylə desək, “Əbülfəs müəllim, adına qurban”, gör neynirsən…

Teatrşünaslığım olmasa da, bir-iki kəlmə tamaşa haqda yazım. Düzü, tamaşanın adının mənasını – “DUMB mərhələsinin əsasları” anlamadım. Hesab edək bu, mənim “sənətşünas” kimi nöqsanımdır. Məhdudiyyətimdir. Pyesin konkret müəllifi, belə başa düşdüm ki, yoxdur, bir neçə nəfər – aktyorlar özləri tərəfindən yazılıb-oynanıldı. Ancaq bütün monoloqları birləşdirən detallar var idi ki, bunlar da obrazların dəlixana kimi bir yerdə toplaşmasıydı. Bu, həm də maraqlı effekt yaradırdı – biz müxtəlif tragikomik hadisələr üzündən ağıldan məhrum olmuş, kabuslarla əlləşən aktyorların səhnədə fiziki məhdudiyyətlə oynamasını sanki unudurduq. Sözgəlişi, tamaşanın rejissoru Nihad Qulamzadə yanılmıramsa heç bir teatr təhsili olmayan gəncdir (“Oda” teatrının yetirməsidir), ancaq burada həm yetkin aktyorluq, həm də rejissorluq qabiliyyətini ortaya qoymağı bacarıb. İnsan əsl sənət fədaisidir.
Aktyor-müəlliflər Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev, Fərid Kazakov və Nihad Qulamzadəni yaxşı işlərinə görə təbrik edirəm. (O cümlədən, əməyi keçən hər kəsə təşəkkür). 2 saat ərzində salonu, tamaşaçını diqqət kəsilməyə vadar edə bildilər. Xüsusən də, bunu həvəskar, ali teatr təhsilindən uzaq şəxslər edirsə, hər cür alqışa layiqdirlər. Mirzə Fətəlinin teatrı olmayan xalq üçün pyes yazması, Həsən bəy Zərdabinin bunu tamaşaya qoyması qədər böyük iş görürsünüz.

Ancaq axırda ənənəyə uyğun (sovet vaxtı bizi belə öyrətmişdilər: mütləq axırda nəsə bir irad tapıb deməlisən, hər şey yaxşı olsa belə) bir-iki tənqidi qeydimi də yazım. Məncə teatr bir tamaşada həddən artıq geniş problemləri əhatə eləməyə çalışmışdı ki, bu, fiziki məhdudiyyəti olmayan, hətta peşəkarların oynadığı teatr üçün də çox ağır yükdür. Misal üçün, tamaşada din, siyasət, sosial problemlər, gənclərin vəziyyəti, təhsil, səhiyyə və sairəyə “oxlar” atılırdı. Təbii, bunlar hamımız üçün kabuslardır, amma bəlkə xırda-xırda edəsiniz? Bu, bir az da şablonlara, banal replikalara səbəb olurdu. Bəlkə hansısa klassik əsəri oynayasınız? Məsələn, mən Murad Məmmədovun çox maraqlı Hamlet oynaya biləcəyini düşündüm. Orxan Adıgözəl isə hazır Kefli İsgəndərdir. Yenilik yaxşı haldır, ancaq sizin ifanızda klassikanın da çox maraqlı alınacağını zənn edirəm.

“Əsa” teatrının ömrünün uzun olmasını çox arzu edirəm.

Zamin Hacı

Musavat.com

Paylaş