Ey həkim, oyatma uşaqlarımı… – Faiq Balabəyli

Ey həkim, oyatma uşaqlarımı… – Faiq Balabəyli

63
Paylaş

Bu günlərdə ürəyindən əməliyyat olunan tanınmış şair Faiq Balabəyli Ramil həkimə pıçıldadığı yeni şeirini redaksiyamıza göndərib. Bizə yetişən məqamında şeir həm də xoş bir müjdəçiyə çevrilmişdi: Faiq Balabəyli artıq sağ-salamat ev-eşiyində – ailəsinin, balalarının, bir sözlə ocağının başındaydı. Bu xəbərin sevincini yaşamaqla bərabər, tarixi sətirləri də hüzurunuza çatdırmaqdan qürur duyduq, əziz oxucular! 

İnşallah, sevimli şairimizin sağlam durumda yazdığı yeni şeirlərini oxumaq arzusu ilə Yenizaman.az Faiq Balabəylinin xəstəxanada yazdığı şeiri təqdim edir:

O gün oğlumla qızım

başımı söhbətə qatdılar

mürgülədilər danışa-danışa,

palatada

mənim yerimdə yatdılar.

oğlumun alnından öpdüm,

qızımın üzündən.

Alnı tər içindəydi oğlumun,

qızımın üzünə yaş qonmuşdu gözündən

bağrıma basdım o təri, o göz yaşını…

Həkimə pıçıldadım yavaşca

onlar ürəyimdə yatır hələ də,

sən canın, neynirsən elə, özün bil,

çalış ki, səksənib oyanmasınlar…

Qeyd edək ki, Faiq Balabəyli 1964-cü il fevralın 23-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. “Eh ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyəcan fiti” (2003), “Sənə yazılan şeirlər” (2005), “Burda darıxmaq olmaz” (2008), “Yaşıl yuxulu dəniz” (2010), “Yaxın uzaq Elazıx” (2011) kitablarının müəllifidir. Ailəlidir, bir oğlu, bir qızı var. O, yanvarın 16-da “Zəfəran” hospitalda açıq ürək əməliyyatı keçirib.

 

Paylaş