Misir Məmmədli: Əhməd Ağaoğlu – müsəlman cəmiyyətləri nə üçün inkişafdan geri qalır?

Misir Məmmədli: Əhməd Ağaoğlu – müsəlman cəmiyyətləri nə üçün inkişafdan geri qalır?

118
Paylaş

Əhməd Ağaoğlu dinin insan həyatı ilə əlaqəsini necə görürdü? Xüsusilə, dinin cəmiyyətin sosial və mədəni quruluşuna, ictimai tərəqqiyə təsirləri barədə Ə.Ağaoğlu nə düşünürdü? Bu suallar və ümumiyyətlə, müasir dövrdə Əhməd Ağaoğlunun düşüncə irsinin tədqiqi bir neçə səbəbdən əhəmiyyətlidir. Birincisi, ona görə ki, XIX əsrlə XX əsrin qovşağında milli maarifçi mühitin yetişdirdikləri içərisində düşüncə kültürümüzün sərhədlərini onun qədər genişləndirən ikinci bir hərtərəfli fikir və siyasət adamı yoxdur. “Yusif Akçura Ə.Ağaoğlunun türk, rus, fransız, fars dillərində eyni həvəs və asanlıqla məqalələr yazmış olduğunu qeyd edir. Xatirələrində yazır ki, əgər Ə.Ağaoğlunun bütün məqalələri bir yerə toplanarsa Bakıdan İstanbula qədər geniş bir yol alınar”(Gülsərən Akalın. “Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu”. Bakı, AzAtaM, 2004). Buna həm də onun yaşamı şahidlik edir. Əhməd bəy həyatı boyunca çox qarışıq düşüncə macərası yaşamış, gənclik illərininin islamçılığı sonralar türk millətçiliyi məfkurəsi ilə əvəz olunmuş və nəhayət Türkiyə Cumhuriyyəti dövründə dövlət-insan münasibətlərində fərdi azadlıqların tərəfində duran liberalizmdə dayaq tapmışdır. Ə.Ağaoğlu ömrünün son illərində üç mədəniyyətdən-həyat tərzindən (Budda-Brahma, Qərb-Avropa, İslam) məhz Qərb mədəniyyətinin digərlərinə qalib gəldiyini və Şərq üçün bu mədəniyyəti maddi-mənəvi olaraq mənimsəyib tətbiqdən başqa qurtuluş yolu olmadığı qənaətinə gəlmişdi. İkincisi, şübhəsiz ki, Ə.Ağaoğlu bu sahədə bir Ceremi Bentham yaxud Con Stüart Mill deyil, yeni nəzəriyyələr yaratmaqdan daha çox, mövcud fikirlərin izləyicisi və müdafiəçidir, bununla belə, “M.Rəsulzadənin Yaxın Şərqdəki Avropalaşma hərəkatının ən səmimi ideoloqu adlandırdığı Ağaoğlu”nun mənsub olduğu mədəniyyətin xeyli irəlisində olan liberal düşüncələri (“Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”) bu gün də öz əhəmiyyətini saxlayır və ölkəmizdəki Qərbləşmə tərəfdarları ilə tərəqqi üçün liberal dəyərləri təqib ediləcək yeganə yol olaraq görənlərə milli köklərə malik intellektual bir təməl təqdim edə bilər. Fikrimcə, Ə.Ağaoğlunu müasir dövr üçün əhəmiyyətli edən digər bir məqam onun cəmiyyət və dövlət həyatında dinin yeri ilə bağlı öz unikallığı ilə seçilən və bu yazının mövzusu olan reformist fikirləridi.

Ə.Ağaoğlunun dinin dövlət və cəmiyyət həyatındakı yeri barədə gəldiyi nəticələr bir tərəfdən mövcud Avropa təcrübəsi ilə müqayisələr aparılması, digər tərəfdən də dini-kültürəl dəlillərlə şərh olunması baxımından xeyli maraqlıdır. Çünki uzun müddətdir ki, siyasət fəlsəfəsi ilə məşğul olan fikir adamlarını maraqlandıran başlıca suallardan biri də budur ki, nə üçün İslamda Xristian Qərbdə olduğu kimi xüsusi bir siyasət düşüncəsi, dünyəvi hüquq nəzəriyyəsi və institutları formalaşmadı? Elə bir düşüncə sistemi və müəssisələr ki, dini dövlət idarəçiliyinə, hüquqa və fərdi azadlıqlara müdaxilədən bitərəf etməyə, iqtisadi azadlıq və təşəbbüslərin önünü açmağa məcbur etsin, bununla belə, Qərbdə olduğu kimi, himayəsində böyüdüyü sivilizasiyanın – İslamın mədəniyyət və inancla bağlı olan başlıca atributlarını da qoruyub saxlamağa nail olsun. Yaxud belə də soruşa bilərik: müsəlman dünyasında sivil siyasət və hüquq mədəniyyətinin meydana çıxmasını həqiqətən – adətən düşündüldüyü kimi – dinmi əngəllədi? Bu sualların mövzusu zaman-zaman Əhməd Ağaoğlunun fikirlərini məşğul edən əsas məsələlərdən biri olub və o, müxtəlif vaxtlarda dinin insan və cəmiyyət həyatındakı yeri barədə fikirləşdiklərini yazmaqdan, bu istiqamətdə müzakirələr açmaqdan çəkinməyib.

Məlum olduğu kimi, Əhməd Ağaoğlu Osmanlı İmperiyasının süqutu dövründə və Türkiyə Respublikasının qurulduğu ilk iki onillikdə bir hissəsi olduğu cəmiyyətin ən təsirli və hərəkətli fikir adamlarından biri idi. Nəticədə, Ə.Ağaoğlunun siyasi fikirləri ilə yanaşı irəli sürdüyü dini fikirləri də dövrünün sosial həyatında ciddi müzakirə mövzusu olmuşdu. Belə ki, Tükiyənin həmin keçid mərhələsi İslamın dövlət və ictimai həyatda yeri və rolu barədə qəzet və jurnallarda bir sıra ictimai müzakirələrə şahidlik etmişdir. Bu müzakirələrdə əsasən din və ənənənin gerilədici rolunu aradan qaldırmaq üçün bir sıra tutarlı və rasional dəlillər axtarılmışdı. Düşünən təbəqənin Osmanlının son dönəmində yaşanan ictimai və siyasi problemlərə həll yolları axtarma səylərinin tərkib hissəsi olaraq Ə.Ağaoğlu da ənənəvi düşüncə və yaşayış formalarını sorğulamış, nəticədə üzərində əvvəldən mövcud olan Qərb düşüncə və həyat tərzinin təsirləri güclənərək Süleyman Nazif, Babanzadə Əhməd Naim kimi bəzi mühafizəkar və islamçılarla millətçilik, xilafət kimi bir sıra dini məsələlərdə fikirlərinin toqquşmasına səbəb olmuşdu. Hələ gənclik illərində Fransanın Sorbon Universitetində tarix və filologiya oxuduğu dövrdə İngiltərədə keçirilən Şərqiyyət Konqresində (1892) iştirak edən Ə.Ağaoğlunun şiəliyin meydana gəlməsi və inkişafı haqqında çıxışı ona qarşı xeyli maraq oyandırmışdı. Eyni zamanda, Ə.Ağaoğlu Fransada təhsil aldığı vaxt əsrin məşhur din adamı Cəmaləddin Əfqani ilə islami mövzularda müzakirələr aparmış və bu səbəbdən onun dini düşüncəsinin üzərində Əfqaninin müəyyən təsiri olduğu düşünülür. Daha sonrakı Azərbaycan və Türkiyə həyatı dövründə dini düşüncələrini inkişaf etdirən Ə.Ağaoğlunu bu mövzuda düşündürən əsas məsələ din ilə insan arasında necə bir əlaqənin olduğudur. Başqa sözlə, İslam, öz üləmasının iddia etdiyi kimi siyasətdən, dövlət idarəçilik formasından, hüquqdan tutmuş adi məişətə qədər insan həyatının maddi-mənəvi hər sahəsində əsas söz sahibidir, yoxsa bəzi məsələləri insanın öz şəxsi ixtiyarına buraxıb? Əhməd Ağaoğlunun bu istiqamətdə olan əsas düşüncələri onun “Üç mədəniyyət” əsərinin din fəslində yer alır və bu yazıda da həmin əsərə istinad edilib.

Ə.Ağaoğlu İslamı hüquq sistemi kimi deyil, bəndə ilə Allahın arasındakı inanc və ibadət sistemi kimi şərh edir və düşüncələrini bu təməl üzərində qurur. Onun fikrincə, dinin əsas mövzusu onun inanc və ibadətlərdir və İslamı başqa dinlərdən fərqləndirən, müsəlmanları da bir arada tutan məhz bu prinsiplərdir. Ə.Ağaoğluna görə, hüquq təbiəti etibarı ilə dəyişkəndir. Dinin ilahi məzmunlu əsasları ilə dəyişə bilməz. Bu o deməkdir ki, zamanla dəyişən insani ehtiyac və dünyəvi məsələləri tənzimləyən hüquq dinin əsl mövzusu ola bilməz. Ə.Ağaoğlu hüquq və din əlaqəsini belə şərh edirdi: “Hüquq nədir? Fərdlər arasındakı əlaqələrin təsbiti deyilmidir? Elə isə, hüquq mahiyyət baxımından hərəkətlidir, dəyişən bir mövzudur. Zaman aşımı ilə həyat şərtləri dəyişdiyindən fərdlər arasındakı maraqlar da dəyişər. Bu səbəbdən onları təsbit edən prinsiplərin də dəyişməsi lazımdır… Hüquq, dəyişkən olan həyatın anlarını göstərməkdən ibarətdir. Biz yaşamaq istəyiriksə, bu əsası qəbul etməliyik. Lakin bunun üçün görəsən dinimizi tərkmi edəcəyik? Xeyr! Çünki din deyilən şey nədir görəsən? Hüquqi məsələlər dinin əsl mövzusu içinə girərmi? Din qul ilə Allahın arasını düzəldən prinsiplər sistemindən ibarətdir. O halda dinin mövzusunu yalnız inanclarla ibadətlərə aid xüsuslar təşkil edər. Bunun xaricində hər nə varsa, dinə təsadüfü olaraq girmişdir. Din əsl mövzusu olan məsələlərin xaricindəki şeylərdən bəhs etmişsə, sırf təsadüf olaraq və məcburiyyətdən dolayı belə etmişdir. Lakin məqsəd o deyil. Gerçək məqsəd inanclarla ibadətlərdən ibarətdir”. Başqa sözlə, Ə.Ağaoğluya görə, inanc və ibadətlərdən savayı İslamın təşkil və nəzarət etməyə, qaydalar qoymağa çalışdığı nə varsa, o cümlədən siyasət, təhsil, iqtisadiyyat və d. sahələr dinə təsadüfən girmiş yaxud din bu sahələrdən təsadüfən bəhs etmişdir. O, bu iddiası üçün aşağıdakı dəlilləri irəli sürürdü:

1. İslamiyyətin başlanğıcından bəri Tanrının birliyi və ibadətlərlə, yəni etiqadın əsasları ilə bağlı enən ayələrdə heç bir dəyişiklik olmadığı halda, dünyəvi mövzularda enən bir qisim ayələrin hökmü qaldırılmış, yerinə başqa hökmlər gətirilmişdir. “Halbuki dünya işlərinə aid nə qədər qüvvədən düşmüş ayələr vardır”. Bu hal, dinin əsl mövzusunun inanc və ibadətlər olduğunu, insan həyatıyla əlaqədar digər məsələlərin dinin əsl mövzusu olmadığını göstərməkdədir.

2. “Demək ki, İslamiyyətdə əsas inanclarla ibadətlərdir. Bunlar əbədidir, dəyişməzdir. İkinci dərəcədə olan isə, dünya işlərinə aid olan qisimlərdir. Bunlar İslamiyyətə təsadüfü olaraq girmişdir.” Ə.Ağaoğluya görə, bu iddianı təsdiq edən digər bir hal odur ki, əgər Hz.Peyğəmbər hicrətdən əvvəl vəfat etsəydi, bu gün əlimizdə İslamın yalnız inanc, ibadət və əxlaqla əlaqədar ayələri olacaq, dünya həyatını təşkil edən ayələr olmayacaqdı. Çünki inanc, ibadət və əxlaqla əlaqədar ayələr əsasən hicrətdən əvvəl Məkkə dövründə endiyi halda, dünya həyatını təşkil edən ayələr Mədinədə enmişdir.“Bu növ ayələrin hamısı sonradan təsadüfi olaraq Hz. Məhəmmədin Mədinə dövründəki fəaliyyəti əsnasında, yəni həyatın maddi tərəflərini təşkil etmək məcburiyyətində qaldığı zaman və ehtiyac olduqca enmişdir”.

3. Ə.Ağaoğlunun iddiası üçün gətirdiyi bir başqa dəlili də, din alimlərinin qoyduğu “Nas (Nas Quranda və ya hədisdə bir iş haqqında gətirilən açıqlama və bu açıqlamanı göstərən sözdür) ilə ənənə zidd gələrsə, ənənə üstün tutulmalıdır” prinsipidir. Burada ənənə ağıl, nəzərdə tutulan nas isə, heç şübhə yoxdur ki, yalnız dünya işlərini təşkil edən nasdır. Ona görə ki, inancın əsaslarını bildirən naslarda dəyişiklikdən söhbət gedə bilməz. Bütün bunlar isbat edir ki, dinin əsli-təməli inanc və ibadətlərdir. Biz bunlarla dinə bağlıyıq. Dünya işlərində isə sərbəstik.

4. Hz. Peyğəmbər “Dünya işlərini siz məndən daha yaxşı bilirsiniz” demiş və
“Hansısa mövzuda şübhəyə düşdüyünüz zaman onu ağılınızla həll edin” buyurmuşdur.

5. Həmçinin, müqəddəs ayələrin enmə səbəblərini göstərən hər hansı bir əsəri belə, araşdırsaq görərik ki, dünya işləriylə bağlı olan ayələrin hamısı maddi səbəblərlə əlaqədar meydana çıxan ehtiyacların qaydaya salınması üçün enmişdir. Bu, o deməkdir ki, ayələrin enməsinə belə, hüququn mahiyyətcə dəyişkən olması səbəb olmuşdur. Bu da həyatın dəyişkənliyini və yeni tənzimləmələrə ehtiyac duyulduğunu göstərir.

6. Həmçinin, İslam cəmiyyətlərində zamanın dəyişməsiylə hökmlərin dəyişməsi qanunauyğunluq olaraq qəbul edilmişdir. Bu da onu göstərir ki, hökmü dəyişən (dünyəvi) məsələlər dinin təməlini təşkil etmir. (Ə.Ağaoğlunun “Üç mədəniyyət”dəki dini düşüncələrinin bu şəkildə sistemləşdirilməsi Doç.Dr.Muhit Merte aiddir – Osmanlı’dan Cumhuriyet’e Geçiş Sürecinde Ahmet Ağaoğlu’nun Dinî Düşünceleri adlı məqaləsi, 2006).

“Bütün bu düşüncələr isbat edir ki, dinimizdə dəyişməz və əbədi olan inanclarla ibadətlərdir. Dünya işlərinə aid olan qaydalar isə təsadüfidir, zaman və məkana bağlıdır. Bu xüsus özümüz üçün müəyyən edəcəyimiz prinsipi tamamilə təsbit etmişdir. O düstur bundan ibarətdir: inanclar və ibadətlərdə dinə bağlı olduğumuz halda, dünya işlərində tamamilə sərbəstik. Dünya işlərində istədiyimiz kimi hərəkət edə bilərik. Maddi həyatımızı ümuminin mənfəətini göz önündə tutaraq, istədiyimiz kimi təşkil etmək haqqına sahibik. Bu qaydanı, bu ümumi prinsipi qoyaraq dinin mövzusunu açıq bir şəkildə ayırıb və digər mövzularda özümüzü tamamilə sərbəst saysaq, həm dinimizi qorumuş və yüksəltmiş olar və həm də bizi bir çox əsrlərdən bəri qucaqlayan fəsadlı dairədən özümüzü xilas edər və çağımızla tək rəng və tək ruh olaraq addımlaya bilərik. Əks halda, bizim üçün qurtuluş çarəsi yoxdur. Təkrar edirik, bu gün çağımızla, zamanımızla, ətrafımızla aramızda böyük bir uyuşmazlıq, ziddiyyət meydana gəlmişdir. Biz bu uyuşmazlığı, bu təzadı qaldırmaz və arada qalan boşluğu doldurmazsaq, zaman və məkan içində qərib və yad qalar və daim onların əsiri olarıq” – Ə.Ağaoğlu yazırdı.

Beləliklə, öz təhlillərinin sonunda Ağaoğlu insan həyatının müxtəlif təzahürləri olan siyasət, hüquq, iqtisadiyyat, təhsil, elm, fəlsəfə, sənət kimi məsələlərin birbaşa dinin səlahiyyətinə aid olmadığı və bunların tamamilə insanın ixtiyarına verildiyi, insanın sərbəst və azad şəkildə qaydalar tərtib edərək fəaliyyət göstərəcəyi sahələr olduğu qənaətinə gəlmişdi. İslamın əslində düzgün şərh olunarsa, insan və cəmiyyət həyatının maddi-dünyəvi tərəflərinə qarışmaq niyyətinin olmadığını dini dəlillərlə göstərərəkən Ə.Ağaoğlu həm də kritik bir sualın cavabını verir: İslam hansı məsələlərdə səlahiyyətə sahib olduğunu açıq şəkildə bildirdiyi halda, bəs necə oldu ki, din siyasət də daxil olmaqla insan fəaliyyətinin bütün maddi-mənəvi sahələrini təşkil və tənzim etmək fikrinə düşdü? Yaxud İslam nəzəriyyədə və praktikada hüququn mahiyyətcə dəyişkən olduğunu qəbul edirsə, nə üçün zaman, məkan və şərtlər dəyişdiyi və yeni tənzimləmələrə ehtiyac duyulduğu halda İslam hüququ doqmatik olaraq qaldı?

Ə.Ağaoğluya görə bunun əsas səbəbkarı özünün İslamın təmsilçisi sayan dini zümrələrdir: “Hərçənd bizdə də ‘zamanın dəyişməsiylə hökmlər dəyişər’ qaydası qəbul edilmişdir. Lakin bu qaydaya düzgünlük və səmimiyyətlə riayət olunmamışdır və olunmur. İstənildiyi zaman dini bir bəhanə ilə hər növ yeniliyə qarşı çıxılır və din adına hər növ ictimai inkişafa maneə olunur. Tək naslara deyil, vərdişlərə belə dini mahiyyət verilərək fərdlərin düşüncə və hərəkət təşəbbüsləri və cəmiyyətlərin də maddi və mənəvi inkişafları dayandırılır. Özlərini dinin nümayəndəsi sayanlar elmi, fənni, siyasi, ictimai, maliyyə, təhsil və təlimə aid hər işdə özlərində hər növ səlahiyyəti görür, hər şeyə barmaq edirlər. Cahil, din və dünyasından eyni dərəcədə xəbərsiz olan kütlənin fanatizm səyini qıcıqlandıraraq hər növ yeniliyə, zaman və məkanın tələb etdiyi hər dəyişikliyə qarşı mübarizəni özləri üçün bir vəzifə sayırlar… Hələ az-çox dinlə görünüşcə əlaqədar olan hüquq, iqtisad, siyasət məsələlərində qiyamət qopur. Dinin nümayəndəsi sayılan zümrə bu məsələlərə dair kimsə üçün səlahiyyət tanımır.Tək səlahiyyəti özlərində görürlər. Özləri isə nə vaxt, nə də məkanı diqqətə alır, fərd və cəmiyyəti əsrlərdən bəri qalmış, çoxdan bəri zaman və məkanın xaricinə çıxmış prinsiplərə bağlayaraq həyatı dayandırmağa, ruhlu insanları ruhsuz bir qəlib halına salmağa çalışırlar. Buna görə də, yuxarıda haqqında danışdığımız‘zamanın dəyişməsiylə hökmlər də dəyişər’ qaydası bizdə quru, hər növ həyati qüdrətdən məhrum, tətbiq sahəsi olmayan bir düstur halında qalır”.

Başqa sözlə, Ə.Ağaoğlunun fikrincə, İslama aid bütün səlahiyyətləri özlərində görən dini zümrələr əslində zaman və məkanın şərtlərindən, insan və cəmiyyətin ehtiyaclarından xəbərsizdilər. Fərdin və cəmiyyətin ehtiyacları ilə bağlı meydana çıxan problemləri də zaman və məkanın tələbatına uyğun gəlməyən prinsiplərlə, əsrlərlə dəyişməz qalan qaydalarla həll etməyə çalışırlar. Həmin dini zümrələr zamanın tələbi olan hər cür yeniliyə qarşı çıxır, düşüncə və fəaliyyət azadlığı qarşısında sədd çəkir, bütün məsələlərdə səlahiyyəti özlərində görərək, həm də bu səlahiyyətlərin əllərindən çıxmaq qorxusu ilə cəmiyyətin maddi-mənəvi inkişafını əngəlləyirlər. Nəticədə dinin qəbul etdiyi ‘zamanın dəyişməsiylə hökmlər də dəyişər’ qaydası işləmir, yeni tənzimləmələrə ehtiyac duyulduğu halda İslam hüququ öz ehkamçı təbiəti ilə bunları qarşılaya bilmir. Halbuki insanla din arasındakı problemi həll edə bilmək üçün zaman və məkanın şərtlərini, insan və cəmiyyətin ehtiyaclarını anlamaq, dinin əsasları ilə təfərrüat olan məsələlərini ayırmağı bacarmaq və əsasların üzərində israr edərək onu çağın ruhuna uyğun vəziyyətə gətirmək lazımdır. Ə.Ağaoğluya görə, “din bizi beşikdən məzara qədər izləyər və tək ruhi ehtiyaclarımızı doyurmaqla qalmaz, bütün maddi həyatımızı da tənzimləməyə cəhd edər. Paltarımızdan döşəmələrimizə, məktəblərimizdən ictimai və siyasi müəssisələrimizə qədər hakim olmaq istəyər”. Bütün dinlər zamanla bu cür təmayül göstərərlər. Lakin belə bir, dini zümrənin icadı olan “həyatımızın maddi və mənəvi bütün qisimlərinə hakim prisiplər bütünü olaraq” din anlayışının vaxtı artıq çoxdan ötüb və əsas problem də elə bundadır. Müasir Avropa bu mərhələni dörd əsr əvvəl keçib. Lakin orda da vəziyyət bir vaxt belə idi. Din hər şeyə qarışır, hər şeyi tənzimləyirdi, maddi və mənəvi sahələrin hər birinə hakim kəsilmişdi. Yəni din öz ruhi-mənəvi fəaliyyət sahəsini aşıb, maddi-dünəyi sahələrdə də əsas söz sahibi olmuşdu. Bununla belə, dini anlayışda, fəlsəfi düşüncə və elmdə Avropanın keçirdiyi inqilablar, o cümlədən dünyəvi və dini kəsimlərin çox qanlı keçən hesablaşmaları nəticəsində din öz sahəsinə qovuldu, “iş bölgüsü və vəzifə ayrımı qanunu hakim oldu”, o cümlədən din dövlətdən, iqtisadiyyatdan, elm və fəlsəfədən ayrılmalı oldu. “Kilsə ilə ruhani zümrənin hakimiyyət və səlahiyyətlərinin sərhədləri tam şəkildə müəyyən edildi və bunun xaricinə çıxa bilmədilər… Bu gün ətrafımızdakı bütün cəmiyyətlərdə kilsə və ruhani zümrə bu vəziyyəti istər-istəməz qəbul etdi. Heç bir yerdə cəmiyyət üçün qanunlar qoymağa, “qanuni hökumət” tərtibinə, qanunvericilik məclislərinə nəzarət etməyə, milli hakimiyyətin üstündə bir hakimiyyət qurmağa, cəmiyyətə paltar, döşəmə modası göstərməyə, fərdlərin fikri cərəyanlarına mane olmağa cürət edə bilməz, cürət etmək istədiyi gün dərhal öz sərhədinə qaytarılar”. Din də öz növbəsində bu vəzifə bölgüsü və sərbəst mühitdən səmərəli şəkildə yararlanaraq, digər sahələrlə bir yerdə fərdin, cəmiyyət və dövlətin maddi-mənəvi inkişafına öz töhfəsini verməkdədir. Ə.Ağaoğluya görə, çağdaş zamanın ruhu artıq budur. Nə qədər ki, müsəlman dünyası bu ruha ayaq uydura bilmir, tənəzzülə və geridə qalmağa məhkum olacaq.

Əhməd Ağaoğlunun İslamı yenidən dəyərləndirmə mahiyyətindəki düşüncələrini yekunlaşdırsaq, onun fikrincə, müsəlman dünyası və İslam cəmiyyətləri içində çağdaş dünyanın ruhuna uyğun tərrəqinin reallaşması həyatın hüquq, iqtisadiyyat, siyasət, elm-təhsil, fəlsəfə və d. sferalarına aid bütün səlahiyyətləri əllərində saxlayan dini zümrələrin təcrid edilməsi ilə, başqa sözlə, Avropanın bir vaxt keçdiyi mərhələnin keçilməsi ilə mümkündür. Əslində İslam da buna şərait yaradır; din həmin zümrələrin maraqlarına görə deyil, doğru şəkildə şərh olunarsa, maddi məsələlərin birbaşa onun sahəsinə aid olmadığı və bunların tamamilə insanın ixtiyarına verildiyi, insanın sərbəst və azad şəkildə fəaliyyət göstərəcəyi sahələr olduğu anlaşılar. İslam, həmçinin, zaman və şərtlərə uyğun olaraq hüququn dəyişkən təbiətə malik olduğuna da qəbul edir. O cümlədən, “İslamiyyət Xristianlıqdan irəliləməyə və yüksəlməyə – tarixin də isbat etdiyi kimi – daha uyğundur”. Elə isə, Ə. Ağaoğluya görə, əsas problem dində deyil, tək səlahiyyəti özlərində görən, şərtləri, fərdin və cəmiyyətin ehtiyaclarını diqqətə almayan, həyatı, maddi-mənəvi inkişafı dayandıran, elm və fənn, hikmət və fəlsəfə, əxlaq və hüquq, siyasətdə, qısacası hər şeydə birdəfəlik ənənəyə yapışıb qalan, öz nüfuzlarını itirmək qorxusu ilə yeniliyə-dəyişikliyə qarşı amansız olan dini zehniyyətdədir.

Əhməd Ağaoğlunun din ilə dünyanın qarşılıqlı münasibətləri barədə bu düşüncələri və irəli sürdüyü reformist yanaşma müasir ənənəvi cəmiyyətlərin bu günki ürəkaçmayan vəziyyəti baxımından da xeyli ibrətamizdir: “İndi bir tərəfdən bir cəmiyyəti düşünün ki öz həyatını tənzimləmədə, yəni qanun yaratmada tamamilə sərbəstdir, digər tərəfdən də başqa bir cəmiyyət təsəvvür edin ki, bu sərbəstlikdən məhrum olsun, bir nöqtədə durub dayansın. Aydındır ki, birincisi həyatını daim zaman və məkana uyğun bir tərzdə təşkil etmiş və tərtib etmiş olacaq; ikincisi daim zaman və məkandan geri qalmış olacaq”.

Kultura.az
Paylaş