“Santa Klaus”, “Papa və ya Per Noel”, “Ded Moroz”, “Şaxta Baba”, yoxsa...

“Santa Klaus”, “Papa və ya Per Noel”, “Ded Moroz”, “Şaxta Baba”, yoxsa “Ulgen Baba”?

174
Paylaş

eeeeeElbəyi Cəlaloğlu

 

“Santa Klaus”, “Papa və ya Per Noel”, “Ded Moroz”, “Şaxta Baba”, yoxsa “Ulgen Baba”?

 

Qarşıdan möhtəşəm bir beynəlxalq bayram gəlir – “Yeni il” bayramı. Buna “Milad” bayramı deyərək bizi inandırıblar da və xristian bayramı olaraq şüurumuza yeridiblər. Bəs, avropalılar bu bayramı haradan alıblar, bu, doğrudanmı İsa peyğəmbərin doğuşuyla bağlıdır? Xristiyanlar nədən bu bayramı dekabrın 25-də və yanvarın 7-də keçirirlər? Şam ağacının bəzədilməsi ənənəsi hansı mədəniyyətə dayanır? “Santa Klaus”, “Papa Noel”, “Per Noel”, “Faze Kristmas”, “Setiy Mikolay”, “Ded Moroz” və s. kimi Şaxta baba obrazlarını avropalılara kim bəxş edib?

Bu dəfə tarixi mənbələrə söykənərək həmin mövzuda söhbət açacağıq və mövzunun mənbəyindən mənsəbinə doğru öz axarıyla hərəkət etməklə sualları cavablandırmağa çalışacağıq. Hesab edirəm ki, bu mətni oxuyan hər bir türk övladı “Yeni il” bayramına daha sevgiylə hazırlaşacaq, onu daha təmtəraqlı keçirməyə çalışacaq. Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Türk mifologiyasında qədim inanc sisteminə qısaca nəzər yetirək.

 

Altundağ, Göytanrı Ulgen Baba, Şam ağacı, maral və 25 dekabrın sirri

 

Türk xalqları üçün çox böyük əhəmiyyət daşıyan Altay dağlarının simvolik forması səmada 9 küləyin kəsişdiyi yerdə dayanan Altundağ hesab edilir. Zirvəsində Altan Xanın dayandığına və 9 oğlu olan Göytanrı Ulgenin də burada olduğuna inanan türklər Altundağda 9 tanrının yaşadığına inanırdılar. Qeyd edək ki, qədim Türk mədəniyyətində altun – xaqanın, gümüş – vəzirin, tunc isə xalqın rəmzi göstəricisi hesab olunurdu. Özlərinin qədim inanc və iddialarına əsasən desək, 9 köşəli Xan Altayın bir-birinin davamı hesab edilən mifoloji dağlarından ikincisi, yerüzündə 9 çayın qovuşduğu yerdə dayanaraq göyün onikinci qatınadək yüksələn, Altundağın orta hissəsi olaraq qəbul edilən, Türk-Altay mifologiyasında “Dünya dağı” adlandırılan Dəmirdağdır. Xan Altayın üçüncü dağı isə, yeraltında 9 yeraltı dənizin birləşdiyi yerdə dayanan, Altundağın yeraltında olan üçüncü hissəsi kimi qəbul edilən Misdağdır (buna Türkiyə mənbələrində “Bakırdağ” deyirlər).

Mənbələrdə qeyd olunur ki, qədim türklər şam ağacının qutsallığına inanırdılar. Onu evin içində yerləşdirər, şamanlar ətrafında ayinlər keçirib, dualar edərək şər qüvvələri evdən qovarlarmış. Qədim babalarımız xeyir ruhların başçısı və simvolu kimi tanrısal varlıq olaraq qəbul etdikləri Göytanrı Ulgenə (bunu “ulu gen” kimi də anlamaq olar) sitayiş edirmişlər. Ulu babalarımız yer üzünün tən ortasında yerləşən, dünyadakı ağacların ən böyüyü, başı Ulgenin oturduğu yerə dəyən bir ağacın – “Həyat ağacı”nın olduğuna inanırdılar. “Həyat ağacı”nın başında yaşamaqla caynaqları ilə Günəşi və Ayı tutan, qızıl rəngli sağ qanadı ilə Günəşi, sol qanadı ilə Ayı örtən, Göydən ildırımlar endirən, Göyün qapısını gözləyən, gecə və gündüzə, ağ və qaraya, işıq və qaranlığa işarə etdiyi güman edilən ikibaşlı qartal Ulgenin simvolu hesab olunarmış (günümüzdə isə ikibaşlı qartalı türklüyə dəxli olmayan rus xalqı özlərinə simvol olaraq götürüblər).

Ulgen bütün mövsümlərdə qızıl guşədə oturaraq günəşi və ayı idarə edən ilahi bir varlıq kimi düşünülərmiş. Ulu babalarımız Ulgeni dümağ, uzun saqqallı, qalın bığlı, əyninə şalvar, ətəyi saçaqlı, üstü ağ bəzəkli, özü göy rəngli yun sviter geyinmiş, onun üstündən topuqlarına qədər uzanan, açıq səma rəngli, üstü ağ naxışlı, enli yaxalığının kənarında çiyinləri qollarının büküləcəyinə qədər qalın qar yağıbmış kimi ağ yunlu, açıq yaxası və ətəyinin ucları ağ yun ilə haşiyəli xalat keçirmiş və zirvəsində günəş simvolu ucaldılmış şiş papaqda təsvir edərlərmiş. Papağın yanlarına bərkidilmiş buynuzu xatırladan ayparanın şiş ucları günəş təsvirini araya alaraq, ondan bir az yuxarıda birləşirmiş. Əllərinə göy əlcək keçirmiş Ulgen baba sağ əlində başı qurd təsvirli, ortası uzun saçaqlı, başdan-ayağa ağ rəngə boyanmış, yerdən başındakı ayparanın uclarına qədər uzanan dəyənək tuturmuş.

Babalarımız həm də Ulgenin evin damına qədər yüksələn şam ağaclarının bitdiyi bölgələrdə olduğuna inanırlarmış. Dekabrın 22-də ən uzun gecə olduğu halda xeyirlə şərin mübarizədə olduğuna inanan qədim Türklər dekabrın 25-də gündüzün gecə üzərində qələbə çaldığına və bu səbəbdən günəşin Yer üzünü daha çox işıqlandırdığına inandıqlarından, həmin gün Ulgenə dualar edərlərmiş. Ona görə də, həmin gün evin içində şam ağacı quraşdırlarmış və Ulgen babanın maralı minib gələrək evin bacasından düşüb şam ağacına hədiyyələr düzəcəyinə inanırlarmış. Göründüyü kimi şam ağacının bəzənməsi ayini qədim türklərdə həm də Ulgen adlı tanrıya qurbanlar kəsməklə əlaqədar olub. Qeyd edək ki, günümüzdə təsvir olunan Şaxta baba, onun gətirəcəyi hədiyyələr, xizəyinə qoşulmuş marallar, eləcə də şam ağacı obrazlarının heç biri qədimdəki Ulgen babanın, onun hədiyyələrinin, mindiyi maralın və şam ağacının yuxarıda təsvir etdiyimiz obrazlarından heç nəylə fərqlənmirlər. Fərq yalnız Şaxta babanın geyiminin rəngində, onun mahiyyət etibarilə xristianlaşdırılması və ya avropalılar tərəfindən mənimsənilməsindədir. Axı, qədim türklərin at minməsi səbəbilə icad etdikləri şalvar və çəkməsini IV əsrə qədər avropalılar tanımamışlar, həmin vaxta qədər avropalıların uzun ətəkli xalat və ayaqlarına sandal geyinmiş olduqları bizə tarixdən məlumdur. Sözü gedən dövrə qədər avropalıların heç kilsə – Allah evinin tikilməsi mədəniyyəti də olmamışdır, bunu onlara dağların qutsallığını qorumaqla onların adını, yaratdıqları təpələrə verən qədim babalarımız aşılamışlar.

Yuxarıda sadaladıqlarımızı rəhbər tutaraq günümüzdə Şaxta Babanın qədimdəki obrazı və ya geyimi ilə təqdim olunmasını daha məqsədə uyğun hesab edirəm. Çünki bu əsasən uşaqların təfəkkürünə sirayət edəcək və milli şüurun formalaşmasında çox böyük əhəmiyyət kəsb edəcəkdir. Şaxta və ya Ulgen Babanın qədimi obrazının həm də gənc nəsli öz milli tariximizi öyrənməyə sövq edəcəyinə şübhə etmirəm.

Demək yerinə düşər ki, zaman dəyişsə də bu qədim türk ənənəsi mahiyyətini və rəngini dəyişməmişdir. Hələ Türklər Göy Tanrı inancını qəbul etdikdən sonra da 25 dekabrı ilin ən böyük bayramı, Tanrının doğulduğu gün kimi qeyd edirlərmiş.

Qədim Türklərin həmin bu Ulgen ənənəsini IV-V əsrlərdə Hun xaqanları Balamir, Ulduz və nəhayət Atilla özüylə Avropaya apardılar. Avropalılar isə onu “Santa Klaus”, “Ded Moroz”, “Papa Noel”, “Per Noel”, “Setiy Mikolay”, “Babbo Natale”, “Faze Kristmas” (Şaxta baba) və s. edib, həm də xristianlaşdırıb geri özümüzə qaytardılar. Yeni ilin gəlişi ilə əlaqədar şam ağacının bəzədilməsi ənənəsinin Şərqi Avropaya, oradan da qotlar və Roma üzərinə axınlar edən qədim hunlardan keçdiyi barədə roma və çin mənbələri də məlumat verirlər. Bu bayram ənənəsinin ruslara isə XIV əsrdən sonra keçdiyi barədə də qaynaqlar yazırlar. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı qədim Türklərin “Yenidən doğuş”, xeyirin şər üzərində, gündüzün gecə üzərində qələbəsi bayramını keçirdikləri gün – 25 dekabrda qeyd etməyə başladılar. Daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayının 7-nə təsadüf edir. Tarixçilər İsanın doğulmasının e.ə. VII və II illər arasında baş verdiyini desələr də, bu hadisənin ay və gün tarixi dəqiq məlum deyil. Demək, “Şaxta baba” bayramının heç bir dinə – nə xristianlığa, nə İslama və s. dəxli yoxdur. Çünki bu, ilk növbədə qədim Türklərə məxsus müqəddəs bayramdır…

 

Ayaz Ata və Qar qızı

 

Ulgen babanın qədim türklərdə “Ayaz Ata” adı ilə məşhur olduğu barədə də məlumatlar var. Qədim türk mifologiyasında Ayaz Ata qışın ən soyuq və şaxtalı vaxtında ehtiyacı olan insanlara yardım etmək məqsədilə ortaya çıxan bir Tanrı adamı kimi təqdim olunur. Qar qızı Türk ilahilər panteonundan keçməklə Ayaz atanın nəvəsi hesab edilir. Bəzi mənbələrdə deyilir ki, Türk mifologiyasına görə, Ayaz Ata da Aydan gəlir və nəfəsi ilə birlikdə şaxta yaradır. Ayaz Ata Altay və Orta Asiya mifologiyalarında, xüsusilə Qazaxlarda və Qırğızlarda soyuq ilahı mənasındadır. Oğuz türklərində, o cümlədən Azərbaycan türkcəsində “Şaxta Baba” olaraq bilinən, qıpçaqlarda adı “Ayas Xan” və ya “Ağ Ayas” olaraq keçən Ayaz Atanın Ay işığından yaradılmasına və onun gəlişinin soyuq havaya səbəb olmasına inanılır. Belə ki, qışın gəlməsini Ayaz Atanın göyün altı dəliyi hesab edilən Ülkər bürcünün altı ulduzundan soyuq hava üfləməsiylə əlaqələndirirlər. Bütün türk coğrafiyasında yandırıcı, sərt soyuq mənasını verən ayaz göyüzünün açıq, Ayın göydə aydın göründüyü havalarda meydana gəldiyi səbəbilə, ulu babalarımız onu – ayazı Ay Tanrısının, yaxud da bu tanrıya bağlı Ayas Xanın göndərdiyinə də inanırlarmış.

 

Bakı, 20 dekabr 2016-cı il.

Paylaş